“Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri Qəmzə Yusubova
“Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri Qəmzə Yusubova

Bir müddət əvvəl bir neçə təşkilat birləşərək Cənubi Qafqazda ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən “Environmental Protection First” (EPF) Koalisiyası yaratdıq. Koalisiya olaraq Ermənistanın dağ-mədən sənayesində çalışan yerli və xarici şirkətləri Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərini öz rəsmi internet səhifələrində yerləşdirməyə, yaxud da həmin sənədlərin nəticələrini ictimaiyyətə açıqlamağa çağırmışdıq. Lakin Ermənistan tərəfi bununla bağlı heç bir addım atmadığı üçün koalisiya bəyanatla çıxış etməli oldu. Sənədlərin indiyə kimi açıqlanmaması bizdə Ermənistanda dağ-mədən sənayesinin fəaliyyətinin şəffaf olmaması ilə bağlı suallar doğurur. Koalisiya olaraq bəyanatımızda da qeyd etdiyimiz kimi, Ermənistanda fəaliyyət göstərən həmin yerli və xarici şirkətlərin rəhbərliklərini bizim koalisiya ilə əlaqə qurmağa, açıq olmağa çağırırıq.

Bunu AZƏRTAC-a açıqlamasında “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri Qəmzə Yusubova söyləyib.

“Həmin şirkətlərin korporativ qərargahlarına rəsmi müraciət edərək bizimlə görüşlər təşkil etməyə, ətraf mühitə dəyən zərərin azaldılması ilə bağlı addımlar atmağa, ƏMTQ sənədlərinin açıqlanmasında koalisiyamızla əlaqə qurmağa səsləyirik. Biz Cənubi Qafqazda sağlam ətraf mühitin təmin olunması üçün səylərimizi artırmağa məcburuq. Bir neçə ay öncə də Azərbaycanın qeyri-hökumət təşkilatları Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktubla müraciət etmiş, həmin ölkənin dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində ətraf mühitə dəyən zərərin azaldılması üçün addımlar atmağa çağırmışdıq. Lakin hələ də nəticə əldə olunmayıb. Biz bu məsələlərdə israrlıyıq və fəaliyyətimizi davam etdiririk. Bu il Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcək. Həmin mötəbər tədbirin keçirildiyi ildə Cənubi Qafqazda sağlam ekoloji mühiti təmin etməkdə xüsusilə səfərbər olmalıyıq. Bunu da xüsusi qeyd etmək lazımdır ki, Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsindən ən çox zərər görən məhz Ermənistan əhalisinin özüdür. Lakin təəssüf ki, ekoloji problemlər sərhəd tanımır. Biz Ermənistanın vətəndaş cəmiyyətini də bizim koalisiya ilə sıx əməkdaşlıq etməyə və bu sahədəki mübarizələrimizi, gücümüzü səfərbər etməyə çağırmışıq. Ermənistanın dağ-mədən sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər mütləq şəkildə Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi sənədlərini ictimaiyyətə açıqlamalıdırlar. Bu, ekoloji ədalət naminə mütləq şəkildə təmin edilməlidir”, – deyə Q.Yusubova bildirib.

Əvvəlki məqaləToğanalı-Kəlbəcər avtomobil yolu qardan təmizlənir
Növbəti məqalədəAzərbaycanda zəlzələ olacağına dair fikir səsləndirənlərin açıqlamalarının hansı tədqiqatlara əsaslandığı məlum deyil