ETSN və BMTİP İqlim Hüquqi Çərçivə Seminarı üzrə əməkdaşlığı davam etdirirlər

BMT-nin İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ətraf mühitin mühafizəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsinə yönəlmiş seminar keçirib.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hərtərəfli hüquqi qiymətləndirmə və təkmilləşdirmə üçün prioritet sektorlar kimi müəyyən edilmiş hədəf sektorları – kənd təsərrüfatı, su və sahilyanı əraziləri tənzimləyən mövcud qanunvericilik və normativ bazaları təhlil etmək üçün müxtəlif dövlət qurumlarının nümayəndələri bir araya gəlib.

Seminar zamanı iştirakçılar yeni qanunvericilik aktlarının hazırlanması ilə bağlı ətraflı müzakirələr aparıblar. Müzakirələrin əsas məqsədi Azərbaycanda əlverişli mühit yaratmaq və ölkənin davamlı inkişaf öhdəliyinə uyğunlaşma planlamasını gücləndirmək olub.

Müzakirələr zamanı əsas diqqət iqlim risklərinin idarə edilməsinə yönəldilib. İştirakçılar iqlim problemlərini effektiv şəkildə həll etmək üçün Milli Uyğunlaşma Planları və Strategiyalarına böyük ehtiyac olduğunu vurğulayıblar. Seminarda tərəfdaşlar arasında təcrübə mübadiləsinin təşviq edilməsinin və müvafiq qurumlar daxilində uyğunlaşmaya yönəlmiş işçi qruplarının yaradılmasının vacibliyi diqqətə çatdırılıb.

BMTİP tərəfindən həyata keçirilən və Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən “İqlim Dəyişikliyinə Milli Uyğunlaşma Planına dəstək” layihəsi tərəfindən təşkil edilən seminar idarəetmə prosesləri və institusional tədbirləri gücləndirməkdə hökumətə dəstək göstərir. Bu tənzimləmələr özəl sektor, qadınlar, gənclər və həssas qruplar da daxil olmaqla bir çox tərəfdaşlar arasında uyğunlaşma ilə bağlı məsələlərə nəzarət etmək və əlaqələndirmək məqsədi daşıyır.

İqlim mülahizələrini milli qanunvericiliyə inteqrasiya etmək məqsədilə seminarda müxtəlif hökumət qurumları və maraqlı tərəflər arasında ümumi əsasın necə tapılması müzakirə edilib və təhlil olunub. Bundan əlavə, iştirakçılar milli qanunvericiliyə uyğun monitorinq və qiymətləndirmə sistemlərinin yaradılmasını müzakirə ediblər.

Seminar Azərbaycanın iqlim dəyişikliyi gündəliyinə uyğunlaşdırılıb və BMTİP müvafiq təşəbbüslərdə Azərbaycan hökumətinə gələcək yardıma hazırdır.

Əvvəlki məqaləGün ərzində poliqonda təqribən 20-25 kubmetr tibbi tullantı zərərsizləşdirilir
Növbəti məqalədəTedros Qebreyesus: 2024-cü ildə dünyada iqlim böhranının sağlamlığa təsirinə daha çox diqqət yetiriləcək