Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 May- Beynəlxalq İqlim Günü münasibətilə “Yaşıl dünya naminə həmrəylik ili” adlı elektron məlumat bazası hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, məlumat bazasında mövzu ilə əlaqədar qəbul edilən rəsmi sənədlər, beynəlxalq ekoloji konvensiyalar, COP29 – İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası haqqında məlumat, rəsmi çıxışların mətni, nəşr edilən kitabların və dövrü mətbuat nümunələrinin siyahısı təqdim edilib.
Elektron məlumat bazasında işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması, azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiq edilməsi, ekosistemin bərpa olunması kimi məlumatlar da öz əksini tapıb.
Həmçinin “Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti”, “İDEA İctimai Birliyi”, “Ekoloq alimlər”, “Qoruqlar”, “Ekoloji terror”, “Ekoloji təqvim” kimi bir sıra bölmələr nümayiş olunub.
Elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.