Güclü külək

Bir neçə gündür davam edən güclü külək nəticəsində şimal-qərb bölgəsinin bəzi təhsil müəssisələrinə ziyan dəyib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, güclü külək nəticəsində Qax rayonunun Ağçay kənd ümumi orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Bununla əlaqədar müvafiq qurumlara məlumat verilib. Təbii fəlakət nəticəsində xəsarət alan olmayıb. Ərazi nəzarətdə saxlanılır.

Qəbələ rayonunun Dızaxlı və Qax rayonunun Qaxbaş kəndlərinin uşaq bağçaları, Şəki rayonunun Bideyiz və Qax rayonunun Qaşqaçay kənd tam orta məktəblərin dam örtükləri də müəyyən dərəcədə zədələnib. Balakən rayonunun Qabaqçöl qəsəbə tam orta məktəbinin idman zalının isə pəncərəsi sınıb.

Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin yerli bölməsinin əməkdaşları məktəblərdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görülüb. Araşdırmalardan sonra müvafiq rəy veriləcək.

İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi, dam örtüklərinin bərpası işlərinə başlanılacaq.

Əvvəlki məqaləXəzər dənizində zəlzələ olub
Növbəti məqalədəGün ərzində poliqonda təqribən 20-25 kubmetr tibbi tullantı zərərsizləşdirilir