Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası yollarına həsr olunmuş dəyirmi masa
Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası yollarına həsr olunmuş dəyirmi masa

23 dekabr 2025-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Orxus Mərkəzində “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyasının təşkilatçılığı ilə dövlət qurumlarının, elmi-tədqiqat institutlarının, qeyri-hökumət təşkilatlarının və ekoloji mütəxəssislərin iştirakı ilə Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası yollarına həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyasının koordinatoru Samir Həsənov açaraq Hacıqabul gölünün tarixi əhəmiyyəti, zəngin biomüxtəlifliyi və bu gün üzləşdiyi ekoloji təhlükələr barədə məlumat verib.

Daha sonra “Sağlam həyata doğru” İctimai Birliyinin sədri və “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyasının İdarə Heyətinin üzvü, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov “Quruyan Hacıqabul gölü” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, Hacıqabul gölünün yaranması ilə bağlı bir çox fərziyyələr var. Bu fərziyyələrdən biridə gölün qədim Tetis okeanının qalıqlarından biri olmasıdır, digər bir ağlabatan fərziyyə isə zaman-zaman Kür çayının daşması nəticəsində meydana gəlməsidir. Minilliklər boyu təbii dəyişikliklərə tab gətirmiş, Hacıqabul gölü son onilliklərdə antropogen təsirlər nəticəsində ciddi ekoloji böhranla üzləşmişdir. Göl bir zamanlar zəngin balıq ehtiyatlarına, nadir quş növlərinə və yüksək biomüxtəlifliyə malik olub, regionun sosial-iqtisadi həyatında mühüm rol oynayıb.

Tədbirdə vurğulanıb ki, gölün qurumasının əsas səbəbləri sırasında Kür çayı ilə əlaqənin kəsilməsi, suvarma sistemlərinin dağılması, texnogen təsirlər və plansız məskunlaşma dayanır. Xüsusilə bildirilib ki, bir vaxtlar Hacıqabul gölü köçəri quşların əsas dayanacaq məkanlarından biri olub, burada flaminqolar, qu quşları, nadir ağbaş ördəklər və digər növlər məskunlaşıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Kompleksinin baş mühəndisi Elbrus Paşayev çıxışında qeyd edib ki, hazırda gölə su daxilolması faktiki olaraq dayanıb. Onun sözlərinə görə, suvarma və drenaj sistemlərinin bərpası, qoruyucu dambaların tikintisi və mövcud infrastrukturun yenilənməsi olmadan gölün dirçəldilməsi mümkün deyil. O həmçinin göl ərazisində yerləşən yaşayış məntəqələrinin və mövcud neft quyularının yaratdığı risklərədə diqqət çəkib.

Coğrafiya İnstitutunun professoru Mirnuh İsmayılov isə Hacıqabul gölünün qurumasını regional hidroloji balansın pozulması ilə əlaqələndirib. Onun sözlərinə görə, Mingəçevir su anbarının yaradılmasından sonra bölgədə su rejimi dəyişib və bu proses gölün tədricən sıradan çıxmasına səbəb olub.

Geologiya və Geofizika İnstitutunun professoru Vaqif Məmmədovun sözlərinə görə, Hacıqabul gölünün quruması hələ 1970-ci illərdən başlayıb. O bildirir ki, Mingəçevir su anbarının istifadəyə verilməsindən sonra gölün su balansı pozulub. İllik yağıntının az (təxminən 250 mm), buxarlanmanın isə yüksək olması gölün qurumasını sürətləndirib. Vaxtilə Hacıqabul gölü balıqçılıq üçün yararlı olub, qayıqlar üzür, minlərlə quş məskunlaşırdı. Lakin Sarısu və Ağgöl kimi digər göllərin qurumasından sonra bu ərazi də tədricən funksiyasını itirib. Professor həmçinin qeyd edir ki, 1960-cı illərdə göl iki hissəyə bölünüb və cənub hissəsində neft axtarışları aparılıb. Ancaq ehtiyatların az və dərin yerləşməsi səbəbindən hasilat məqsədəuyğun sayılmayıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Layihə institutunun nümayəndəsi Məmməd Əsədov isə bildirib ki, yağış sularının gölə yönləndirilməsi, optimal su balansının müəyyənləşdirilməsi və ətraf təsərrüfatların maraqlarının uzlaşdırılması vacib şərtlərdir. Eyni zamanda vurğulanıb ki, bölgədə 200-dən çox təsərrüfatın mövcudluğu məsələnin kompleks yanaşma tələb etdiyini göstərir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin nümayəndəsi Ceyhun Baxşıyev çıxışında qeyd edib ki, Şirvan kanalının tikintisi və regionda ekoloji tarazlığın bərpası dövlət planlaşdırılır.

Tədbirdə həmçinin “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyasının İdarə Heyətinin üzvü, Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri Taleh Əliyev çıxış edərək Aral gölünün bərpası təcrübəsini xatırladıb və Hacıqabul gölünün də mərhələli şəkildə dirçəldilməsinin mümkünlüyünü vurğulayıb.

Dəyirmi masa iştirakçıları yekdilliklə bildiriblər ki, Hacıqabul gölünün bərpası yalnız ekoloji deyil, həm də sosial və iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır. Tədbir konstruktiv müzakirələr və gələcək əməkdaşlıq çağırışları ilə başa çatıb.

Əvvəlki məqaləSudan səmərəli istifadənin təkmil üsullarının tətbiqi mövzusunda geniştərkibli iclas keçirilib
Növbəti məqalədəSabah Bakıda hava buludlu olacaq, dağlıq ərazilərə qar yağacaq