“II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində tullantıların idarə olunması mövzusunda təlim

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində gənclər üçün “Tullantıların idarə edilməsi: müasir tullantı idarəçiliyi və dövri iqtisadiyyat” mövzusunda növbəti təlim keçirilib.

Təlimdə Nazirliyin Ekoloji siyasət şöbəsinin Tullantıların idarə olunması sektorunun müdiri Mehman Nəbiyev tullantıların düzgün idarə edilməsinin ətraf mühitin mühafizəsində və insan sağlamlığının qorunmasında mühüm rol oynadığını vurğulayıb. O, gəncləri ekoloji təşəbbüslərdə fəal iştirak etməyə çağıraraq, bu sahədə həyata keçirilən dövlət proqramları, strateji sənədlər və qanunvericilik çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib.

Tədbirin əsas məqsədi gənclər arasında ekoloji maarifləndirməni artırmaq, tullantıların düzgün idarə olunması və təkrar emal vərdişlərinin formalaşdırılmasını təşviq etmək, həmçinin ətraf mühitə məsuliyyətli yanaşmanı gücləndirmək olub.

Təlimin ikinci hissəsində Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova tərəfindən gənclərlə interaktiv qrup işi aparılıb. Gənclər beş qrupa bölünərək müxtəlif tullantı növlərinin idarə olunması ilə bağlı praktiki tapşırıqları yerinə yetiriblər. Onlar tullantıların çeşidlənməsi, təkrar istifadəsi və dövri iqtisadiyyatın prinsiplərinin tətbiqi ilə bağlı ideyalarını təqdim ediblər.

Bu format gənclərin mövzuya yaradıcı yanaşmasına, komanda bacarıqlarının və ekoloji düşüncələrinin inkişafına xidmət edib. Tədbir gənclərin ekoloji məsuliyyətinin artırılması və dayanıqlı gələcək naminə fəal vətəndaş mövqeyinin formalaşdırılmasına töhfə verib.

Əvvəlki məqaləRegionlarda “Uşaq hüquqları aylığı” çərçivəsində ekoloji maarifləndirici görüşlər keçirilib
Növbəti məqalədə“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində könüllülər tərəfindən növbəti dəfə işlənmiş batareyalar təhvil götürülüb