gənclər və idman nazirinin müavini İndira Hacıyeva
gənclər və idman nazirinin müavini İndira Hacıyeva

“Burada dövrümüzün ən aktual və ciddi məsələlərinin müzakirəsi baş tutur. Biz gənclərin həllər axtarışında qərarlı olduğunun şahidi oluruq və bu, doğrudan da böyük bir hadisədir. Gənclərin ideyalarının bu mühüm məsələlərin həllində istifadə edilməsi vacibdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman nazirinin müavini İndira Hacıyeva yanvarın 29-da keçirilən “Baku Decides” Gənclərin I İqlim Danışıqları” adlı beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı söyləyib.

İ.Hacıyeva bildirib ki, bu sahədə gəncləri təşviq etmək üçün tədbirlər və proqramların təşkil edilməsi, innovativ ideyaların dəstəklənməsi və həm də gənclərin bu sahələrdə təhsil almaq üçün lazımi resurslara çatmağını təmin etmək əhəmiyyətlidir: “Ona görə çalışırıq ki, bu gün aktual məsələlərin həllində – iqlim dəyişiklikləri, enerji istifadəsi və geniş mənada təhlükəsizlik məsələlərinin həllində gənclərin ideyalarından istifadə edilsin”.

Nazir müavini xatırladıb ki, bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və COP29 kimi mötəbər bir tədbir bu ili bizim ölkədə keçiriləcək: “Azərbaycan neft və qaz ehtiyatlarına malik olduğuna baxmayaraq, yaşıl enerji imkanlarının reallığa çevrilməsi üzərində ciddi və ardıcıl olaraq düşünür və bunun üçün yaşıl enerji növlərinin yaradılması, yaşıl enerjinin dünya bazarına nəqli hazırda enerji siyasətimizin prioritetidir. Bütün bu məsələlərin əsası odur ki, belə mühüm işlərə gənclər cəlb olunmalıdır və onların elmi tədqiqatçılıq potensialının gücləndirilməsi, intellekt və informasiya texnologiyalarının yaratdığı alətlər özünü göstərməlidir. Bu məsələlər asan və rahat həll olunan məsələlər deyil. Çünki iqlim və ekologiya qədər bizim hamımızı birləşdirən başqa bir sahə tapmaq çətindir”.

Əvvəlki məqalə“Baku Decides” Gənclərin I İqlim Danışıqları” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilir
Növbəti məqalədəAlmaniya COP29 çərçivəsində Azərbaycanla işləməyə hazırdır