İndiyə kimi “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) 80 milyondan çox nərəcinsli balıq buraxılışı həyata keçirilib. Bu gün 600 minə qədər körpə nərəcinsli 1-2 qramlıq balıqlar, bununla yanaşı, tədbir çərçivəsində daha böyükçəkili 300 qramlıq nərə və uzunburun balıqları təbii mühitə buraxıldı.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Xıllı Balıq” MMC-nin direktoru Elşad Əhmədov deyib.
“Müəssisədə ümumi 4 istehsal sexi mövcuddur. Həmin sexlərdən ən böyüyü dairəvi hovuzlar sexidir. Burada çəkisi 1 qramdan başlayan körpə balıqların yetişdirilərək təbii mühitə buraxılması həyata keçirilir. Hər bir hovuzda balıqların növündən asılı olaraq 20-25 min ədəd körpə balıq saxlanılır. Hazırda zavodda 100 qramdan 15 kiloqrama qədər müxtəlif yaş və növdə balıqlar var.
İnkubasiya sexində törədici balıqlar saxlanılır və onlardan alınan kürülər dairəvi hovuzlarda sürfələr şəklində böyüdülür və təbiətə buraxılışı həyata keçirilir. Belə ki, inkubasiya sürfələr bir ay yarim müddətində yemlənərək 200 qrama çatdırılır. Daha sonra onlar Kür çayı ilə Xəzər dənizinin qovuşması hissəsinin yaxınlığında suya buraxılır.
Yem sexində körpə balıqlar üçün canlı yemlər istehsal olunur. Dördüncü sex isə elektromexaniki sexdir”, – deyə E.Əhmədov bildirib.