İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Krallığın Parlamentinin İcmalar Palatasının hakim Mühafizəkarlar partiyasından üzvü, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) prezidenti Ser Alok Şarma ilə videokonfrans formatında görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat naziri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə iqtisadi-ticari, enerji, qeyri-neft və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Ölkəmizdə enerji keçidi, qaz emissiyasının azaldılması ilə bağlı hədəflərimiz, bərpaolunan enerji layihələri, yaşıl enerjinin Avropaya ixracı istiqamətində görülən işlər, həmçinin COP29-a hazırlıq haqqında məlumat verilib. Tədbirin Azərbaycan və Birləşmiş Krallıq arasında bərpaolunan enerji və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı diqqətə çatdırılıb. Birləşmiş Krallığın COP-la bağlı təcrübəsinin öyrənilməsinin Azərbaycan üçün əhəmiyyəti qeyd olunub.
Ser Alok Şarma Azərbaycanla ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu, ölkələrin səmərəli tərəfdaşlıq etdiyini bildirib. COP-la bağlı şəxsi təcrübəsini və COP29-un əsas gözləntilərindən olan maliyyələşmə ilə bağlı fikirlərini bölüşüb.
Görüşdə enerji transformasiyası sahəsində fəal əməkdaşlıq və COP29 birgə fəaliyyət imkanları barədə müzakirələr aparılıb.