İqlim dəyişikliyinin başlıca səbəbi son 200 ildə həyatımızda baş verən sənayeləşmədir. XVII əsrin axırları – XVIII əsrin əvvəllərində Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və digər Qərbi Avropa ölkələrində sənaye sahələri yarandı və getdikcə inkişaf edərək genişlənməyə başladı. Sənayenin inkişafı nəticəsində istehsalatda getdikcə daha çox yanacaqdan istifadə edildi. Əvvəllər daş kömürdən daha çox istifadə edilirdisə, indi daha çox yanacaq vasitəsi kimi neft və qaz yandırılır və bunun nəticəsində atmosferə külli miqdarda istixana qazları daxil olur. Bu isə Yer kürəsində istixana effektinin yaranmasına səbəb olur. Günəş şüaları yer səthinə gəlib çatandan sonra geriyə qayıdarkən istixana qazları tərəfindən tutularaq temperaturun daha da artmasına səbəb olur. Onun əsasını karbon qazı, metan və azot-dioksid təşkil edir. İstixana effektinin atmasına isə ən çox səbəb olan karbon qazıdır. Planetin istiləşməsi şübhəsiz ki, bir çox fəsadlara gətirib çıxarır. Onların ən böyüyü Antarktida və Qrenlandiyada buzlaqların əriməsi nəticəsində tədricən dünya okeanında suyun səviyyəsinin yüksəlməyə başlamasıdır. Bunun nəticəsində dəniz sahilində olan şəhər və sahilyanı ərazilərin su altında qalmaq təhlükəsi artır. Digər tərəfdən temperaturun artması nəticəsində dünyada olan su ehtiyatları azalmağa başlayır. Təbiətdə quraqlıq, yaşıllıq zonalarının azalması halları yaranır, meşə yanğınları intensivləşir, yer kürəsinin daxili regionlarında su qıtlığı baş verir və bunun nəticəsində ərzaq böhranı yaranır. Buna görə də bütün dünya ölkələri bir araya gələrək iqlim dəyişmələrinin qarşısını almaq üçün tədbirlər görməyə çalışırlar.
Bunu AZƏRTAC-a Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su üzrə mütəxəssis Rövşən Abbasov deyib.
O, fikrinin davamı olaraq deyib: “Bu məqsədlə ilk dəfə 1992-ci ildə Kioto protokolu imzalanıb və protokolun əsas müddəalarından biri də 2010-cu ilədək dünyada olan istixana qazlarının səviyyəsinin 1990-cı il səviyyəsindən də aşağı salınması öhdəliyi idi. Təəssüf ki, göstərilən səylərə baxmayaraq, həmin öhdəlik yerinə yetirilmədi və ona görə də 2015-ci ildə Paris COP görüşündə razılaşmalar əldə olundu. Həmin razılaşmalara qoşulanlar arasında Azərbaycan da var. Ayrı-ayrı ölkələr könüllü olaraq müxtəlif öhdəliklər götürdülər. Ölkəmiz 2030-cu ilə qədər istixana qazlarının səviyyəsinin 35 faizə qədər azaldılmasını öhdəyə götürüb. Bu, çox ambisiyalı qərar olsa da, bu sahədə çox böyük işlər həyata keçirilir. Həmin öhdəliyə əməl olunması üçün Azərbaycanda günəş və külək elektrik stansiyaları istifadəyə verilir, yaşıl enerjinin artırılması üçün daha çox investisiya qoyulur və atmosferdə istixana qazlarının əldə edilməsi üçün müxtəlif sosial və iqtisadi mexanizmlər hazırlanaraq həyata keçirilir. Ümid etməyə dəyər ki, ölkəmiz həmin vaxtda öz məqsədinə nail ola biləcək”.
“Digər ölkələr tərəfindən də belə öhdəliklər götürülüb. Bu ilin noyabrında COP29-un ölkəmizdə keçirilməsi bu sahədə olan fəallığı bir qədər də artırıb. Üstəlik qarşıya belə bir vəzifə də qoyulub ki, ölkəmiz öz ərazisində istehsal etdiyi enerjinin 30 faizə qədərini yalnız yaşıl enerji mənbələrindən istehsal etsin. İqlim dəyişmələrinin qarşısının alınması üçün Bakıda keçirilən tədbirdə yeni hədəflər və yeni strategiyalar müəyyən ediləcək. Bakıda keçirilən həmin tədbirdə qəbul edilən qərarlardan sonra bu sahədə daha uğurlu addımlar atılması zamanın tələbinə çevriləcək”,- deyə mütəxəssis fikrinə yekun vurub.