İsveçdə aprel ayında 1991-ci ildən bəri müşahidə olunmayan rekord dərəcədə soyuqlar qeydə alınıb. İsveç Hidrologiya və Meteorologiya İnstitutunun meteoroloqu Erik Hoyqord-Olsenin sözlərinə görə bu, ilin bu fəsli üçün anomal soyuq hava şəraitidir.
AZƏRTAC xəbər verir ki, ölkənin cənubuna yağan güclü qar nəqliyyatın hərəkətini iflic vəziyyətinə salıb, nəticədə, Е4 trasında, Yençeping yaxınlığında kilometrlərlə tıxaclar yaranıb. Yol hərəkəti iştirakçıları yollar təmizlənə qədər bütün gecəni avtomobillərində keçirməyə məcbur olublar.
İsveç Nəqliyyat Administrasiyasının məlumatına görə, trasdakı uzun növbələrə səbəb köhnəlmiş təkərləri olan ağır nəqliyyat vasitələridir. Xilasedici xidmətlər zərərçəkənləri su ilə təmin etmək üçün hadisə yerinə kvadrasikllərlə gediblər. Bir neçə nəfər, o cümlədən qəflətən xəstələnən və anası ilə birlikdə xəstəxanaya çatdırılan bir yaşlı uşaq təxliyə olunub.
Çərşənbə günü gecə saatlarında Vesterbotten dairəsindəki meteoroloqlar mənfi 32,4 dərəcə, Laplandiya dağlarında isə 34,1 dərəcədə temperatur qeydə alıblar.
“Bu, Vesterbotten dairəsində aprel ayında bütün müşahidələr tarixində ən aşağı temperaturdur”, – deyə Erik Hoyqord-Olsen vurğulayır.
Ölçmələr başlayandan bəri qeydə alınan ən aşağı aprel temperaturu mənfi 36,5 təşkil edir. O, 1915-ci ildə ölkənin şimalında Karesuandoda müşahidə edilib.