Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş ”Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar” mövzusunda tələbə, magistr və gənc tədqiqatçıların respublika elmi-praktik konfransı keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi anılıb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Tədbirdə BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru professor Mais Süleymanov BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icra olunmasında Azərbaycanın rolunu vurğulayıb. O bildirib ki, konfransın mövzusu müasir dünyanın aktual problemlərinə həsr edilib. Tələbə və gənc tədqiqatçıların elmi-praktik bacarıqlarının formalaşması, təkmilləşməsində bu cür tədbirlərin böyük əhəmiyyəti var.

Coğrafiya fakültəsinin dekanı professor Məqsəd Qocamanov Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının milli və ümumbəşəri əhəmiyyət kəsb etdiyini, qlobal ekoloji təhlükələrin qarşısının alınması istiqamətində beynəlxalq miqyasda tədbirlərin həyata keçirilməsinin vacibliyini bildirib. O qeyd edib ki, Azərbaycan Respublikası yeni təşəbbüslərlə qlobal çağırışlara qoşulur, həmin tədbirlərin həyata keçirilməsində əsas təşkilatçılardan biri rolunu oynayır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkəmizin vacib rolunu bir daha göstərir.

M.Qocamanov tələbə və gənc tədqiqatçıları ətraf mühitin mühafizəsi və coğrafi tarazlığın qorunub saxlanılmasında fəal rol oynamağa çağırıb, konfransı məhz həmin məqsədə xidmət edən mühüm hadisə kimi qiymətləndirib.

Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri dosent Saleh Nağıyev çıxışı zamanı Azərbaycanda ətraf mühitin mühafizəsi istiqamətində aparılan işlərə diqqət çəkib. O qeyd edib ki, hazırda böyük şəhərlərin, xüsusilə Bakı aqlomerasiyasının antropogen yükünün azaldılması, ekoloji mühitin qorunması, yaşıllıq və rekreasiya zonalarının təşkili aktual məsələlərdəndir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonaları” elan edilməsi bu sahədə aparılan işləri daha da sürətləndirəcək.

S.Nağıyev işğaldan azad olunmuş ərazilərin təbii ehtiyatlarının öyrənilməsinin aktuallığını qeyd edərək tələbələrin bu sahədə tədqiqatlar aparmasının əhəmiyyətini vurğulayıb.

Coğrafiya fakültəsi üzrə TEC-in fəxri üzvü, I kurs magistrant İmran Bayramov son illərdə qurum tərəfindən həyata keçirilən konfrans və layihələr haqqında məlumat verib. Fakültə üzrə TEC-in sədr müavini Nəzirə Dursunova “Ekvatordan qütblərə” elmi-populyar jurnalının növbəti sayını təqdim edib, bu istiqamətdə tələbələr tərəfindən qrup şəkilində görülmüş işlərdən söz açıb.

Konfransın plenar iclasında “Azərbaycanda UNESCO irsi üzrə turizm marşrutlarının təşkili imkanları (Xınalıq və Köç Yolu timsalında)”, “Şirvan düzünün su-bataqlıq landşaftlarının morfologiyası”, “Tərəflərin Konfransı – COP29” mövzularında məruzələr dinlənilib.

Sonra məruzəçilərə və TEC-in fəaliyyətində fərqlənmiş tələbələrə təşəkkürnamələr təqdim olunub.

Konfrans işini iki bölmə üzrə davam etdirib.

Əvvəlki məqaləAIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb
Növbəti məqalədəXətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib