Paytaxtdakı 20 nömrəli məktəb-liseydə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Nəfəs” pantomim tamaşası nümayiş olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, tamaşadan əvvəl məktəb-liseyin həyətində şagirdlərin iştirakı ilə fləşmob təşkil edilib. Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəb-liseyin direktoru Esmira Ağayeva “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təhsil müəssisəsində keçirilən tədbirlərdən danışıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi ölkəmizdə 2024-cü il ərzində bu sahədə fəaliyyətin genişləndirilməsinə və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin intensivləşməsinə töhfə verir.
Nərminə Hüseynova təhsil müəssisələrində bu cür tədbirlərin keçirilməsinin əsas məqsədinin Prezident İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi barədə imzaladığı Sərəncamdan irəli gələn tədbirlər çərçivəsində ekoloji mədəniyyəti, təbiətə həssas münasibəti təbliğ etmək, yaşıllıqlara qayğı ilə yanaşmağın zəruriliyinə diqqət çəkməkdən ibarət olduğunu bildirib.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov tamaşa haqqında təəssüratını bölüşüb, qəhrəmanların dili ilə cəmiyyətə ötürülən mesajı yüksək dəyərləndirib. O, dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılmasının və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini şagirdlərin diqqətinə çatdırıb. Həmçinin BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsini ölkə Prezidentinin uğurlu fəaliyyətinin nəticəsi kimi dəyərləndirib.