“Makromalekullu birləşmələr texnologiyasının müasir problemləri” mövzusunda ikigünlük Beynəlxalq elmi-texniki konfrans
“Makromalekullu birləşmələr texnologiyasının müasir problemləri” mövzusunda ikigünlük Beynəlxalq elmi-texniki konfrans

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı ilə Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının 60 illik yubileyinə həsr olunmuş “Makromolekullu birləşmələr texnologiyasının müasir problemləri” mövzusunda ikigünlük beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb. Konfrans “Yaşıl dünya naminə həmrəylik ili” və bu ilin noyabrında Bakıda keçiriləcək COP29 çərçivəsində təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Belarus, Qazaxıstan, Misir, Malayziya və digər ölkələrdən olan alimlər, mütəxəssislər iştirak edirlər.

Əvvəlcə “Yüksəkmolekullu birləşmələrin tədqiqinə həsr olunmuş 60 il” sənədli filmi, tələbələrin təşəbbüsü ilə təşkil olunmuş fləşmob nümayiş olunub.

Tədbirdə çıxış edən ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov universitetdə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 ilə əlaqədar bir sıra tədbirlər keçirildiyini qeyd edib. O, ölkəmizdə kimya elmi və sənayesinə mühüm töhfə vermiş Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının 60 illiyinə həsr olunmuş beynəlxalq elmi-texniki konfransa respublikada və onun hüdudlarından kənarda böyük maraq göstərildiyini bildirib.

V.Əskərov konfransa 170-dək elmi məqalənin və 220-dən artıq tezisin təqdim edildiyini söyləyib və 24 məqalənin “Web of Science” beynəlxalq bazasında indekslənən jurnallarda dərc olunacağını vurğulayıb.

Tədbirdə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Elm və Təhsil Nazirliyi akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycanda keçirilməsinin xüsusi əhəmiyyəti olduğunu bildiriblər.

Çıxış edənlər, eyni zamanda, mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Sonra bölmə iclaslarında məruzələr dinlənilib.

Əvvəlki məqaləUNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub
Növbəti məqalədəAQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb