Oktyabrın 25-də Meksikanın cənubundakı Akapulko sahil şəhərini vuran və şəhərdə böyük dağıntılara səbəb olan “Otis” qasırğasından sonra şəhər zibillə örtülüb.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, qasırğa nəticəsində küçə və prospektlər mebellər, məişət əşyaları və tullantı torbaları ilə dolub daşır. Qasırğa şəhəri tərk etdikdən sonra rayon sakinləri epidemiya təhlükəsi ilə yanaşı, pis qoxu ilə də mübarizə aparırlar.
Hökumətin verdiyi açıqlamada Akapulkonun təmizlənməsinə kömək etmək üçün minlərlə əsgərin təyin edildiyi bildirilir.
Yığılmış zibillərin epidemiyaya səbəb ola biləcəyindən narahatlıq keçirən yerli sakinlər səlahiyyətlilərdən kömək istəyərək zibil və tullantıların tez bir zamanda təmizlənməsini tələb ediblər.
Təxminən 900 min insana təsir edən “Otis” qasırğasında 50-dən çox insan həyatını itirib və böyük maddi ziyan meydana gəlib.
Meksika Prezidenti Andres Manuel Lopes Obrador xəstəliklərin qarşısını almaq üçün şəhərin qısa müddətdə dezinfeksiya ediləcəyini və zibillərin təmizlənəcəyini vəd edib.
Qeyd edək ki, oktyabrın 26-da 5-ci kateqoriyaya yüksələn və dağıdıcı ola biləcəyi barədə xəbərdarlıq edilən “Otis” qasırğası səbəbindən Meksikanın turizm şəhəri Akapulkoda görünməmiş təbii fəlakət baş verib.