Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ev sahibi kimi müəyyən gözləntilərin olduğunu anlayır.
“Report” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda keçirilən Dünya İqtisadi Forumunda “COP28 və qarşıdakı yol” adlı paneldə deyib.
Nazir qeyd edib ki, COP28 sayəsində enerji səmərəliliyinin, bərpa olunan enerji mənbələrinin həcminin artırılmasına yönələn diqqət və digər nüanslar uğurdur: “Prosesi eyni formada uğurla həyata keçirmək məsuliyyətdir. Burada əsas məsələ maliyyələşdirmə mexanizmlərinin təminidir ki, bu da son dərəcə əhəmiyyətlidir”.
M.Cabbarovun sözlərinə görə, əvvəlki danışıqlardan, xüsusən də COP28-dən təcridetmənin faydasız olduğu öyrənilib: “Biz əvvəllər də təcridetmənin doğru və ya yanlış olması ilə bağlı müzakirələr aparmışdıq. Qlobal karbon emissiyalarının azaldılması istiqamətində uğurlar, həmçinin enerji şirkətləri və qalıq yanacaq istehsalçılarının götürdüyü öhdəliklər onu deməyə əsas verir ki, müzakirələrə istehlakçılar da qoşulmalıdır”.
Qeyd edək ki, COP29-un bu il Azərbaycanda keçirilməsi ilə bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. İki həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.