Qarabağda ağacəkmə aksiyası

Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı Qarabağda ağacəkmə aksiyası keçirilib.

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, ağacəkmə aksiyası Tərtər rayonu Soltanbud meşəbəyliyinin 2 saylı meşə dolayı sahəsində baş tutub.

Aksiyada Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın üzvləri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun icra etdiyi Azərbaycanın ilk qadın minaaxtaranları layihəsinin əməkdaşları, eləcə də mina qurbanlarının ailə üzvləri iştirak ediblər.

Tədbir təbii landşaftı 1-ci Qarabağ müharibəsinin təsirləri nəticəsində məhv edilmiş tarixi Sultanbud meşəsinin Tərtər rayonunun Buruc kəndi ilə Xoruzlu kəndi arasındakı ərazidə keçirilib. İştirakçılar tərəfindən 3300 ədəd ağac əkilib.

Aksiya dünyada minalarla mübarizə proqramlarına, tarixi Sultanbud meşəsinin bərpasına, eləcə də Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) töhfə məqsədi daşıyır.

Qeyd edək ki, bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür. Həmin təqvim günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasının 60/97 saylı qətnaməsi ilə müəyyən edilib və hər il qeyd olunur. Təşkilat müharibənin partlayıcı qalıqlarının mülki əhalinin təhlükəsizliyinə, sağlamlığına və həyatına ciddi təhlükə yaratdığı, habelə milli və yerli səviyyədə sosial-iqtisadi inkişafa mane olduğu ölkələrdə milli minalarla mübarizə imkanlarının yaradılmasına və inkişaf etdirilməsinə bu gün vasitəsilə çağırış edir.

Əvvəlki məqaləAzərbaycan yaşıl enerji layihələri üzrə əməkdaşlıqda Çin ilə yeni mərhələyə qədəm qoyur
Növbəti məqalədəYaşıl artım və dayanıqlı inkişaf – beynəlxalq elmi konfrans