Misirin ətraf mühit naziri xanım Yasmin Fuad bildirib ki, 2022-ci ilin sonunda Şarm Əl-Şeyxdə keçirilən COP27 konfransı qlobal iqlim dəyişikliyi ilə mübarizə baxımından əla təcrübə olub və Dubaydakı COP28-in təşkilatçıları tərəfindən davam etdirilib. Onun sözlərinə görə, COP29 iqlim konfransına ev sahibliyi edəcək Azərbaycanın uyğun strukturları ilə də bu istiqamətdə sıx əməkdaşlıq mövcuddur. “Biz iqlim konfransına hazırlıq müddətində azərbaycanlı həmkarlarımız ilə təcrübə mübadiləsini davam etdirəcəyik”, -deyə nazir vurğulayıb.
AZƏRTAC Misir mediasına istinadla xəbər verir ki, Yasmin Fuad yerli mətbuata verdiyi açıqlamada son beş il ərzində iqlim sahəsində beynəlxalq əməkdaşlığın bir çox nailiyyətlərlə müşahidə olunduğunu bildirib. O qeyd edib ki, bu baxımdan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyaları xüsusi əhəmiyyətə malikdir. Nazir əlavə edib ki, Şarm Əl-Şeyx və Dubaydan sonra Bakıda aparılacaq müzakirələr bu qlobal problemin həllində yeni mərhələnin davamı olacaq.
Misirli nazir bildirib ki, Azərbaycanda keçiriləcək COP29 konfransında Misirin böyük əhəmiyyət verdiyi Qırmızı dəniz və Ədən Körfəzinin Mühafizəsi Təşkilatının ətraf mühitin mühafizəsi üzrə tədqiqatları ətrafında da müzakirələr aparılacaq. “Hazırda regional və qlobal səviyyədə ətraf mühitin mühafizəsi işini dəstəkləmək üçün ortaq məsuliyyət konsepsiyalarına nail olmaq istiqamətində bir çox beynəlxalq forumların işində iştirak etməklə yanaşı, ölkəmiz Barselona 2025 Sazişinə sədrlik etmək üçün də hazırlıqlar aparır. Qırmızı dənizin ən mühüm flora nümunələri hesab edilən məşhur manqrov ağaclarının qorunması məsələsi də gündəlikdə olacaq”, -deyə Yasmin Fuad qeyd edib.