buruq

Norveç hökuməti Şimal dənizində neft hasilatına icazə verməklə qanunvericiliyi pozub.

AZƏRTAC xəbər verir ki, bu barədə Oslo Dairə Məhkəməsinin qərarında deyilir.

Belə ki, ötən ilin yayında ekologiyanın mühafizəsi ilə məşğul olan “Nature and Youth” və “Greenpeace” təşkilatları Norveçin Energetika Nazirliyini məhkəməyə verib. Bu qurumlar Şimal dənizində Breydablik, Tyurvinq və İqqdrasil adlı üç böyük neft və qaz layihəsini təsdiqləyən hökumətin qanunu pozduğunu iddia edirlər. Onlar tərəfindən qaldırılan iddia, neft hasilatı ilə bağlı iqlim məsələləri üzrə daha əvvəlki məhkəmə işinə əsaslanır. O vaxt bu təşkilatlar ölkənin Ali Məhkəməsində baxılan işi uduzublar: 2020-ci ildə çıxarılan məhkəmə qərarına əsasən hökumət bəraət alıb. Ancaq, eyni zamanda, Norveç Ali Məhkəməsi bundan sonra yeni layihələr təsdiqlənməzdən əvvəl dövlət tərəfindən neft və qaz emissiyalarının iqlimə mümkün təsirlərinin nədən ibarət olduğunun araşdırılması ilə bağlı qərar qəbul edib.

Oslo Dairə Məhkəməsinin cümə axşamı verdiyi qərarda hər üç icazə etibarsız sayılıb. Bildirilib ki, dövlət layihələrin təsdiqlənməsi zamanı məhkəmənin tələblərini pozub.

“Bu, gözlənilən və böyük qələbədir. Xüsusilə, Breydablik, Tyurvinq və İqqdrasildəki bütün hasilat işlərinin dərhal dayandırılacağını gözləyirik”, – deyə Norveçdəki “Greenpeace” təşkilatının rəhbəri Frode Pleym bildirib.

Qərara əsasən, dövlət “Nature and Youth” və “Greenpeace” təşkilatlarına 311 min dollar həcmindəki ziyanın məbləğini və məhkəmə xərclərini ödəməlidir.

Neft və energetika naziri Terye Osland bildirib ki, nazirlik hüquqşünaslarla birlikdə məhkəmənin çıxardığı hökmü diqqətlə araşdıracaq. “Biz məhkəmənin qərarı ilə və hasilata müvəqqəti qadağa qoyulması ilə bağlı qərarla razılaşmırıq. Apellyasiya şikayəti etmək niyyətindəyik”, – Terye Osland açıqlayıb.

Əvvəlki məqaləHavanın temperaturu 5-10 dərəcə enəcək, yağış, qar yağacaq, güclü külək əsəcək
Növbəti məqalədəŞamaxıda zəlzələ qeydə alınıb