buzlaq

Peru son altı onillikdə buzlaqlarının yarısından çoxunu itirib. Bu ölkənin ərazisində 2016-2020-ci illər arasında iqlim dəyişikliyi səbəbindən 175 buzlaq yoxa çıxıb.

AZƏRTAC xəbər verir ki, bu barədə perulu alimlər bildiriblər.

Dağ Buzlaqları və Ekosistemləri üzrə Peru Milli Tədqiqat İnstitutunun (İnagem) tədqiqatçısı Mayra Mexia deyir: “58 il ərzində 1962-ci ildə qeydə alınan buz təbəqəsinin 56,22 faizi itirilib”.

Bu prosesə ən çox təsir edən amil, xüsusilə tropik ərazilərdə buzlaqların sürətlə əriməsinə səbəb olan orta qlobal temperaturun artması olub.

Cənubi Amerika ölkəsi hələ də 1050 kvadrat kilometr buzlaq örtüyünə malikdir ki, bu da 1962-ci ildə – ilk buzlaq reyestrinin aparıldığı zaman qeydə alınan ərazinin təxminən 44 faizini təşkil edir.

M. Mexianın sözlərinə görə, Peruda buzlaqların demək olar ki, yoxa çıxdığı bir neçə dağ silsiləsi, o cümlədən 1962-ci ildən bəri buzlaq səthinin 99 faizini itirmiş Çila dağı var. Çila buzlaqları fundamental əhəmiyyət kəsb edir, çünki ilk su mənbələri məhz bu ərazidən başlayır və dünyanın ən uzun çayı olan Amazon çayını təmin edir.

Mütəxəssislər bildirirlər ki, buzlaqların itirilməsi aran ərazilərində yaşayan insanlar üçün riskləri artırır.

Çili prezidenti Qabriel Boriç və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş “iqlim böhranının ölümcül nəticələrini” görmək üçün Antarktidaya getməyi planlaşdırırlar.

Ümumdünya Meteorologiya Təşkilatının baş katibi Petteri Taalas keçən həftə artan temperaturun isti dalğaları, daşqınlar, buzlaqların əriməsi, temperaturun yüksəlməsi və okeanların turşulaşması kimi daha ekstremal hava hadisələrinə səbəb olacağı barədə xəbərdarlıq edib.

Əvvəlki məqaləBMT qum və toz fırtınalarının artması ilə bağlı xəbərdarlıq edib
Növbəti məqalədəBakıda dəm qazının miqdarı normadan yüksək olub