“Qadınların və gənclərin yaşıl bacarıqlarının artırılması” layihəsi

Gəncə şəhərində qadınlarla və gənclərlə iqlim dəyişmələri və onun təsirləri, yaşıl bacarıqlar və dayanıqlı vərdişlər kimi mövzuları əhatə edən layihə icra olunub.

Bu barədə AZƏRTAC-a “Gender Hub Azerbaijan” təşkilatından məlumat verilib. Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29-la bağlı beynəlxalq təşəbbüslər” layihəsi çərçivəsində “Gender Hub Azerbaijan” təşkilatı tərəfindən Millətlər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən “Qadınların Yaşıl Bacarıqlarının Artırılması: “Commonwealth” təcrübəsi əsasında” layihəsinin növbəti təşəbbüsü olaraq qadınların və gənclərin yaşıl bacarıqlarının artırılması, iqlim dəyişmələrinin onlarda yaratdığı çətinliklər barədə məlumatlandırmaq məqsədi ilə oktyabrın 26-dan 27-dək Gəncə şəhərində 50 nəfər qadının və gəncin iştirakı ilə “Qadınlar və gənclərin yaşıl bacarıqlarının artırılması” proqramı keçirilib.

Gəncə, Şəmkir, Goranboy, Yevlax və Göygöl regionlarından olan iştirakçılar ikigünlük layihə çərçivəsində 3R davranışları (Təkrar emal, Yenidən istifadə, İstehlakda azaltma) və onların önəmi, iqlim dəyişmələrinin qadınlar və gənclər üzərində təsiri, COP29 tədbirinin qadınlar və gənclər üçün əhəmiyyəti, yaşıl bacarıqlar və məişətdə yaşıl vərdişlər mövzularında müzakirələr aparıb.

Layihə Milli Məclisin deputatı Müşfiq Cəfərov, 29 nömrəli orta məktəbin biologiya müəllimi Könül Yusifzadə, Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru Əhməd Məlikov və “Gender Hub Azerbaijan” təşkilatının sədri və icraçı direktoru Məryəm Məcidovanın açılış nitqləri ilə başlayıb. Daha sonra ekspertlər və təlimçilərin yaşıl bacarıqların inkişafı, dayanıqlı davranışlar və onların əhəmiyyəti, iqlim dəyişmələrinin qadınlar və gənclər üzərində təsiri mövzularında təqdimatları olub. Layihə “yaşıl vörkşop”larla yekunlaşıb.

Əvvəlki məqaləCOP29 çərçivəsində tibbi xidmətlərin təşkilinə həsr olunmuş brifinq və mediatur keçirilib
Növbəti məqalədəCOP29 çərçivəsində keçiriləcək Yüksək Səviyyəli Görüşə hazırlıq məsələləri müzakirə olunub