COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bakı iki həftə dünyanın mühüm mərkəzinə çevriləcək. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də məhz bu missiyaya xidmət edir. Çünki Azərbaycan bərpaolunan enerji mənbələri üzrə böyük potensiala malikdir. Ona görə də yaşıl enerjinin istehsalına böyük əhəmiyyət verir. Biz bunu Qarabağ və Şərqi Zəngəzurda aparılan işlərdə də müşahidə edə bilərik. 2021-ci il mayın 3-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” çox mühüm Sərəncam imzalayıb. Fərəh hissi ilə bildiririk ki, həmin Sərəncam uğurla icra olunur.
COP29-un keçiriləcəyi iki həftə ərzində qonaqlar regionlara, işğaldan azad olunan ərazilərə də səfər edəcəklər. Ölkəmiz COP29 gündəliyinə mina təhlükələri, eləcə də müharibənin ekoloji təhlükələri ilə bağlı mövzuları da daxil edə bilər. Çünki Qarabağın işğal altında qaldığı dövrlərdə ətraf mühitə vurulan zərər, eləcə də minalarla çirklənməsi ciddi problem olaraq qalır.
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində 2024-cü ildə Azərbaycanın COP29 kimi nüfuzlu tədbirdə ev sahibliyi edəcəyini vurğulayaraq deyib: “Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslərin gedişatı bizim mövqeyimizdən böyük dərəcədə asılı olacaq. Biz artıq bir neçə ölkədən əməkdaşlıq təklifi almışıq. Bizimlə bu hazırlıq dövründə əməkdaşlığın istiqamətləri müəyyən edilsin və biz bütün ölkələrlə əməkdaşlığa hazırıq, bu, bizim üçün də böyük bir təcrübə olacaq. Çünki bu, yenə də hesab edirəm ki, dünyanın bir nömrəli beynəlxalq tədbiridir, beynəlxalq konfransıdır, həm dünya ictimaiyyətinin diqqəti nöqteyi-nəzərindən, BMT Baş Assambleyasından da daha mötəbərdir”.
Bunu COP29-un ölkəmiz üçün əhəmiyyətini AZƏRTAC-a şərh edən “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın üzvü Rahilə Mehtiyeva bildirib.
“Ötən illərdə respublikamızda görülən işlər bir daha təsdiq edir ki, ölkəmiz iqlim dəyişikliyi mövzusuna ciddi yanaşır. Bütün dünya bir daha şahid oldu ki, torpaqlarımızın işğal altında qaldığı müddətdə erməni barbarları ekosidlə məşğul olub. Eyni zamanda, böyük sahədə meşələri qırıb, betonlaşdırılmış bunkerlər və səngərlər qazaraq təbii sərvətlərimizi məhv ediblər.
Azərbaycan neft ölkəsi kimi hazırda ekoloji mühitin sağlamlaşdırılmasında maraqlıdır. Respublikamızın şirin su ehtiyatları ilə zəif təmin olunmuş ölkələr siyahısında ilk sıralarda olduğunu nəzərə almalıyıq. Meşə sahələrinin artırılması, təsərrüfat sahələrinin planlı şəkildə genişləndirilməsi, müasir aqrotexniki vasitələrdən istifadə, alternativ enerjiyə üstünlük verilməsi və sair kimi məsələlər iqlim dəyişikliyi probleminin həllində qarşıya qoyulan əsas məqsədlərdəndir. Azərbaycan da bu istiqamətdə əmin addımlarla irəliləyir. Düşünürəm ki, bu irəliləyiş dünya ölkələrinin diqqətindən yayınmayıb. COP29-da dünya ölkələri Azərbaycanın malik olduğu resursları və imkanları əyani formada görəcəklər. Biz də vətəndaş cəmiyyəti olaraq, ölkəmizdə keçiriləcək bu möhtəşəm tədbirdə ətraf mühit və ekologiyanın inkişafı istiqamətində bir neçə proqram və müxtəlif layihələri reallaşdırmağı nəzərdə tuturuq”, – deyə Rahilə Mehtiyeva vurğulayıb.
İctimai Birliyin sədrinin sözlərinə görə, dövlətimizin başçısı İlham Əliyev də çıxışlarında dəfələrlə qeyd edib ki, ölkəmiz öz maliyyə vəsaitini “yaşıl enerji”nin bərpasına ayırmalıdır. Bununla ölkəmiz həm inkişaf edər, həm də dünyaya önəmli töhfə verər. Azərbaycanda ətraf mühitin qorunması hər zaman dövlətin diqqət mərkəzində olub. Həm ölkə daxilində keçirilən müxtəlif tədbirlər, həm də Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklər bunun bariz nümunəsidir.
Otuz ilə yaxın torpaqlarımızın 20 faizdən çoxunun işğal altında qalması nəticəsində həmin sahələr ekoloji tədbirlərdən məhrum olmaqla yanaşı, eyni zamanda, ekoterrora məruz qalmışdı. Meşələr və təbii sərvətlərimiz Ermənistan tərəfindən talanmışdı, biomüxtəlifliyə ciddi ziyan vurulmuşdu. Üç il əvvəl qazanılan tarixi Qələbədən sonra dövlətimizin başçısının imzaladığı fərman və sərəncamlara, verdiyi tapşırıqlara əsasən həmin ərazilərdə geniş quruculuq və abadlıq işlərinə başlanıldı.
Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Həmin ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
Bundan başqa, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə qoşulan respublikalardandır. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilədək istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf – 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılması müəyyənləşdirilib.
“Əldə edilən ən böyük uğurlardan biri Şərqi Avropa regional qrupunun Azərbaycanı 2024-cü ildə COP-u keçirəcək ölkə kimi müəyyənləşdirməsidir. COP29-a ev sahibliyi edəcək dövlət kimi seçilməyimiz Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun göstəricisidir. Həmçinin erməni lobbisinin, Azərbaycanın inkişafını gözü götürməyən, ölkəmizdə əmin-amanlığın olmasını istəməyən qüvvələrin yalanlarının iflasa uğramasıdır. Azərbaycan bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Müasir infrastruktura və təhlükəsizliyə malik olması belə mötəbər tədbirlərin keçirilməsi üçün ölkəmizə etimad göstərilməsinə səbəb olur. İnanıram ki, Azərbaycan COP29-u da uğurla təşkil edəcək və ölkəmizdə keçiriləcək tədbir iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfə verəcək”, – deyə R.Mehtiyeva fikirlərini yekunlaşdırıb.