“Səma və Eko” Sosial-iqtisadi inkişafa yardım İctimai Birliyinin sədri İradə Həsənova
“Səma və Eko” Sosial-iqtisadi inkişafa yardım İctimai Birliyinin sədri İradə Həsənova

Bu il COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir. Belə mötəbər tədbirin ölkəmizdə ən yüksək səviyyədə keçirilməsinə töhfə verəcək addımlardan ən başlıcası Prezident İlham Əliyevin Təşkilat Komitəsinin yaradılması və tərkibinin genişləndirilməsi barədə imzaladığı sərəncamlardır. Fevralın 22-də imzalanan sonuncu Sərəncamla həm təşkilat komitəsinin tərkibi genişləndirildi, həm də burada gender bərabərliyi təmin olundu. İnanıram ki, Təşkilat Komitəsinin hər bir üzvü COP29-un ölkəmizdə ən yüksək səviyyədə keçirilməsinə töhfə verəcək.

Bunu COP29-un ölkəmiz üçün əhəmiyyətini AZƏRTAC-a şərh edən “Səma və Eko” Sosial-iqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

“Təşkilat Komitəsinin tədbirin təşkilində böyük işlər görəcəyinə ümidvaram. Eyni zamanda, vətəndaş cəmiyyəti təşkilatları da onlara kömək edəcək və öz qüvvəsini sərf edərək əllərindən gələni əsirgəməyəcəklər. Tədbirin keçirilməsi ilə bağlı məsələlərin müzakirəsində qeyri-hökumət təşkilatlarının da fikirlərinin nəzərə alınması, ətraf mühit və onun komponentlərinin mühafizəsinə yeni yanaşmaların irəli sürülməsi ilə bağlı vətəndaş cəmiyyətinin də biliyindən və təcrübəsindən istifadə edilməsi daha səmərəli nəticə verəcək. Çünki bu sahədə vətəndaş cəmiyyətinin böyük rolu var. Bildiyiniz kimi, hər zaman ətraf mühitin mühafizəsi, hətta Ermənistanın Azərbaycana qarşı olan təcavüzü, törətdiyi ekoloji terrorla bağlı və digər məsələlərdə vətəndaş cəmiyyətləri həmişə öz sözünü deməyi bacarıb və bununla bağlı bəyanatlar yayıb. Buna görə də inanıram ki, Təşkilat Komitəsi də qeyri-hökumət təşkilatlarını bu məsələlərdən kənarda qoymayacaq, onların bu sahədə təcrübəsindən istifadə edəcək”, – deyə ictimai birliyin sədri vurğulayıb.

Əvvəlki məqaləYel çərşənbəsində 50 mindən çox ağac əkilib
Növbəti məqalədəMuxtar Babayev COP29-un əsas məqsədlərini açıqlayıb