XI Qlobal Bakı Forumu

XI Qlobal Bakı Forumu martın 15-də işini panel iclaslarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, günün “Yaxşı sözlərdən yaxşı hərəkətlərə keçmək: COP29 üçün hansı məqsədlər qoymaq olar” mövzusuna həsr olunan ilk panel iclasına “Fortescue Metals and Fortescue Future İmdustries” şirkətinin İdarə Heyətinin sədri Jan Baderşnayder moderatorluq edib.

İclasda çıxış edən BMT-nin İnkişaf Proqramının Administratoru Axim Ştayner bildirib ki, dünya iqlim dəyişiklikləri ilə bağlı təcili cavab tədbirlərimizi səbirsizliklə gözləyir. Azərbaycan COP29-a ev sahibliyi edəcək. COP29 iqlim dəyişmələri ilə bağlı atılacaq addımlara mühüm töhfə verəcək. Bu tədbir ərəfəsində biz maliyyəni buraya cəlb etməliyik.

O diqqətə çatdırıb ki, iqlim dəyişikliklərinə qarşı daha çox irad bildirmək lazımdır. Eyni zamanda, dünya razılığa gələrək kollektiv şəkildə tədbirlər görməlidir.

“2024-cü ildə iqlim dəyişikliyi məsələsi milli Dayanıqlı İnkişaf Məqsədlərində öz əksini tapır. Çox sayda ölkə artıq bərpaolunan enerjiyə keçid edib”,- deyə Axim Ştayner əlavə edib.

BMT-nin Sənaye İnkişafı Təşkilatının baş direktorunun müavini, Qlobal Tərəfdaşlıq və Xarici Əlaqələr Direktorluğunun idarəedici direktoru Fatu Haydara COP29-un qarşısında çox çətin məsələlərin həllinin dayandığını deyib. Bildirib ki, bunlardan biri iqlim maliyyələşdirilməsidir. Enerji keçidinin mexanizmi hazırlanmalıdır. Özəl sektorun da burada önəmli rolu var.

“Bu il prioritet məsələlər sırasında sənaye texnologiyası həllərinin təklif olunmasıdır. Sənaye sahəsi geniş iş yerləri təmin edir. İqlim dəyişiklikləri strategiyasının üç əsas amili var. Bunlardan birincisi gələcəkdə sənaye polisi amilinin vacibliyidir. İnnovasiyalı təsisatlar və təşkilatların potensialı güclənddirilməlidir. Artıq özəl sektorlarla fəaliyyət gündən-günə müsbət istiqamətdə irəliləyir. Onların enerji ehtiyatları sənayesini dəstəkləyirik”, – deyə o vurğulayıb.

BMT-nin Məskunlaşma Proqramının 2018-2024-cü illərdə icraçı direktoru xanım Maimuna Mohd Şərifin sözlərinə görə, iqlim dəyişiklikləri nəticəsində təbii fəlakətlər baş verir ki, bu da maliyyə itkisi ilə nəticələnir.

M.M.Şərif bildirib ki, hesablamalara görə, 77 faiz karbon emissiyası şəhərlərin payına düşür. 2050-ci ildə 70 faiz əhali şəhərlərdə yaşayacaq. İqlim dəyişmələri ilə bağlı tədbirlər görülməlidir. Milyonlarla dollar vəsait ayrılsa da, iqlim dəyişmələri ilə mübarizə düzgün planlaşdırmadan keçir. Düzgün şəhərsalma olmasa, effektiv nəticə əldə edilməyəcək.

“Mən inanıram ki, COP29 yerli səviyyədə tədbirlər planı ilə nəticələnəcək və hər bir ölkənin müəyyənləşdirdiyi yerli planlar 2030 Proqramına töhfə verəcək”, – deyə o bildirib.

BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Maria Fernanda Espinoza çıxışında COP29-un sonunda Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına şahidlik ediləcəyinə inamını ifadə edib.

İqlim dəyişikliklərinin geosiyasi məsələlərdə rolunu vurğulayan M.F.Espinoza fikirlərinə belə davam edib: “İqlim yalnız ətraf mühit məsələsi deyil, siyasi və iqtisadi təsirlərə də malikdir. Buraya bizim istədiyimiz yaşam tərzi də daxildir. COP29-da bu məsələlərə də baxılacaq.

Bizim əlimizdə texnologiyalar var, bərpaolunan enerji getdikcə ucuzlaşır və əlçatan olur. Aşağı karbonlu enerjiyə keçid maliyyə vəsaiti tələb edir. Qida zənciri və sənaye siyasəti də bunu dəstəkləməlidir. Azərbaycan, Braziliya və BƏƏ bir araya gələrək bu işin məntiqi davamını əlaqələndirirlər”.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera isə qeyd edib ki, COP29 çox gözəl düşüncə platformasıdır. Bakının bu tədbirə ev sahibliyi edəcəyini səbirsizliklə gözləyirik. COP29 yaşıl enerjiyə keçiddə həlledici rol oynayacaq.

Onun sözlərinə görə, enerji stansiyasını yaratmaqla 2040-cı ilədək emissiyanın 40 faiz azaldılması qarşıya məqsəd qoyulub. “Bu, 60-50 faiz güc deməkdir. Lakin bu, bizim istədiyimizdən çox azdır. Ən azı 1200 meqavat yaşıl enerji gücünə ehtiyacımız var. Növbəti il biz onu real işimizlə göstərməliyik”, – deyə IRENA-nın baş direktoru bildirib.

“Liberal International” təşkilatının Prezidenti, Mərakeşin sabiq ətraf mühit naziri, Mərakeşin İqlim Dəyişikliyi üzrə sabiq xüsusi nümayəndəsi Hakima El Haite deyib ki, COP yalnız geosiyasi alət deyil, həyatın, bəşəriyyətin gələcəyidir. Biz hər şeyi dəyişdirə bilərik. Təbiətimizin gələcəyi üçün bunu etməliyik.

“Əgər siyasətlər dəyişikliyə uyğun deyilsə, biz heç nə edə bilmərik. Hər bir COP ərəfəsində optimist olmaq təklif edilir, lakin bu gün biz daha çox realist olmalıyıq. Biznesin reallığı var. Biz bu barədə nə etməliyik? Hər kəs maliyyədən danışır. Bəli bu vacibdir. Amma kim havaya dəm qazını buraxır? Heç kəs bunun məsuliyyətindən danışmır. Belə ki, bizə həmrəy və cavabdeh insanlar lazımdır. Biz Azərbaycandan xahiş edirik ki, COP29-da ən çətin məsələlərə şəffaflıq gətirilsin”, – deyə xüsusi nümayəndə diqqətə çatdırıb.

İclasda çıxış edərək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) prezidenti Ser Alok Şarma deyib ki, biz ənənəvi enerjinin sonunu yaşayırıq. Reallıq odur ki, iqlim dəyişmələri bizə təsir etməkdədir. Ölkələr bir araya gələrək sərhəd tanımadan birlikdə işləməlidir. Bizim əlimizdə texnologiya var, amma vəsait kifayət qədər deyil”.

“COP29-un əsas çətinliklərindən biri də vəsaitlərin cəlb edilməsidir. Bunu etmək üçün biz çox çətin vəziyyətə keçid alacağıq. Azərbaycanda keçiriləcək COP29 tarixi olacaq. Hər bir COP müəyyən bir bünövrədir. COP29 bizim üçün vacibdir. Azərbaycan taleyüklü öhdəliyə malik olacaq”, – deyə o əlavə edib.

COP29 Azərbaycan üzrə baş icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, COP29 maliyyə ilə bağlı olacaq. Bakının maliyyə məsələlərini vahid platforma şəklinə necə saldığını görmək istəyirik.

“Danışıqlar üzrə komandamız hər yerə səfər edir. Ev sahibi olaraq fəal hazırlıq işlərinə başlamışıq. Danışıqlar bizə müəyyən təcrübə verəcək və biz əldə etdiyimiz təcrübələri ictimailəşdirəcəyik. Biz COP29-un gündəliyinə faktiki olaraq fərqli elementləri daxil edirik. Ən vacib məsələ dinləməkdir. COP-un ev sahibi olaraq biz dinləyicilərik. Dinləməklə prosesi faydalı şəkildə idarə etməyə çalışacağıq. Ümumiyyətlə, prosesin davamlılığını və ardıcıllığını təmin etmək vacibdir. Hər kəs bu prosesin tərkib hissəsi olmalıdır. Bu, Azərbaycanın yanaşmasıdır və COP-da təşkilatçılığın düzgün idarə edilməsindən asılıdır”, – deyə E.Soltanov əlavə edib.

Panel iclası müzakirələrlə davam edib.

Əvvəlki məqaləADY “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası təşkil edib
Növbəti məqalədəAzərbaycanla İsveç arasında COP29-la bağlı mümkün qarşılıqlı fəaliyyət imkanları müzakirə olunub