Qlobal Cənub QHT Platforması II Afrika Şəhərsalma Forumunda yan tədbir təşkil edib

Bu gün II Afrika Şəhərsalma Forumu (AUF2) çərçivəsində Qlobal Cənub QHT Platformasının təşkilatçılığı, Azərbaycan Şəhərsalma Kampaniyası və Azərbaycanın QHT Agentliyinin tərəfdaşlığı ilə “AUF2-dən WUF13-ə və ondan sonrakı dövrə: Afrikada Davamlı Şəhər İnkişafı üzrə QHT Forumu” yan tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Qlobal Cənub QHT Platformasının Katibliyinin nümayəndələri Fuad Kərimli və Nədimə Rəhimli dünya əhalisinin 80%-nin yaşadığı – Latın Amerikası, Afrika, Asiya, Okeaniya və Avstraliyanı əhatə edən Qlobal Cənubun çox zaman beynəlxalq qərarların qəbulunda kənarda qalmasını, həlledici anlarda öz taleyinin sahibi ola bilməməsini reallıq olduğunu bildiriblər. Bu mənada Qlobal Cənub QHT Platforması qlobal təklənməyə qarşı birləşmək zərurətinin aydın təzahürüdür. Qeyd olunub ki, 2025-ci ilin aprelində 116 ölkədən QHT-lərin iştirakı ilə Bakıda təsis edilmiş Qlobal Cənub QHT Platforması qısa dövr ərzində böyük inkişaf yolu keçib. F.Kərimli “UN Habitat”a AUF2 pavilyonunda yeganə qeyri-dövlət tədbiri kimi Qlobal Cənub QHT Platformasının yan tədbirinin keçirilməsinə şərait yaradılmasına görə minnətdarlıq edib. O, vurğulayıb ki, 2026-cı il mayın 14-də “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində ilk dəfə Qlobal Cənub QHT Platformasının Baş Assambleyası Azərbaycanda keçiriləcək. Qlobal Cənub QHT Platformasının Katibliyinin nümayəndələri bu qlobal tədbirin qızğın hazırlıq işlərinin getdiyini diqqətə çatdırıblar.

Rəsmi açılış mərasimində çıxış edən Azərbaycanın QHT Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva Qlobal Cənub QHT Platformasınında hazırda 116 ölkədən 600-dən xarici QHT-nin birləşdiyini qeyd edərək, onların sıralarının qısa müddətdə xeyli genişləndiyini və Azərbaycanla bağlı təşəbbüslərinin artdığını dilə gətirib. O, BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (The United Nations Office for South-South Cooperation (UNOSSC)) Azərbaycan dövlətinin Qlobal Cənuba yönəlik siyasətini, eləcə də QHT-lərə göstərdiyi dəstəyi təqdir etdiyini məmnunluqla xatırladıb və bildirib ki, QHT Agentliyi Qlobal Cənub QHT Platformasının Baş Assambleyasının keçirilməsində də tərəfdaş olmaqdan şərəf duyur. Aygün Əliyeva Afrika QHT-lərini WUF13-də fəal iştirak etməyə dəvət edib: “WUF tarixində ilk dəfə olaraq, 2026-cı il mayın 19-da Bakıda WUF13 pavilyonunda QHT Agentliyinin təşkilatçılığı ilə “WUF13 QHT Forumu” təşkil olunacaq. Bu, yerli və xarici QHT-lərin fəal əməkdaşlıq, şəbəkələşmə qurması üçün böyük fürsətdir”.

Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsindəki daimi nümayəndəsi, Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev şəhərlərin sürətli urbanizasiya şəraitində iqtisadi inkişafın, sosial inteqrasiyanın və ekoloji dayanıqlılığın əsas mərkəzlərinə çevrildiyini vurğulayıb.

Keniya Prezidentinin qızı, “SMACHS” Fondunun təsisçisi və rəhbəri Şarlen Ruto (Charlene Ruto) 2024-cü ildə COP29, daha sonra ötən il Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda iştirakını məmnunluqla xatırlayıb. O, dayanıqlı inkişafın təşviqi, gənclərin bu prosesdə rolu və icma əsaslı təşəbbüslərin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Qlobal Cənub QHT Platformasının müxtəlif regionları təmsil edən nümayəndələrinin çıxışlarında infrastruktur çatışmazlığı, mənzil təminatı problemlərinin, iqlim dəyişmələrinə həssaslıq və sosial bərabərsizlik kimi məsələlərin Afrika regionu, o cümlədən qlobal müstəvidə vacibliyi qeyd olunub.

“AUF2-dən WUF13-ə və ondan sonrakı dövrə: Afrikada Davamlı Şəhər İnkişafı üzrə QHT Forumu” qarşılıqlı fikir və təcrübəsi mübadiləsi baxımından əhəmiyyətli məqamlarla yadda qalıb.

Qeyd edək ki, bu gün II Afrika Şəhərsalma Forumu işini başa çatdırır.

Əvvəlki məqaləAzərbaycan nümayəndə heyəti II Afrika Şəhərsalma Forumunda iştirak edir