İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Emerald oteldə “Qlobal iqlim dəyişmələri və Azərbaycan” adlı konfrans keçirdi.
Konfransı açıq elan edən MSŞA Koalisiyasının əlaqələndiricisi, dosent İlham Hüseynli bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək COP29 beynəlxalq tədbiri öncəsi belə bir bəşəri əhəmiyyətli mövzuya vətəndaş cəmiyyəti, bu sahənin nüfuzlu ekspert və alimlərinin mövqeyinin öyrənilməsi baxımından bu tədbiri son dərəcə əhəmiyyətli hesab etdiyini vurğulayaraq iştirakçıları salamladı.
Tədbirdə ölkənin iqlim dəyişikliyi sahəsində tanınmış alim və ekspertləri xüsusi təqdimatlarla çıxış etdilər.
Konfransa moderatorluq edən Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun Prezidenti Sabit Bağırov təqdimat üçün ilk sözü Milli Elmlər Akademiyasının müxbir üzvü, Koalisiyasının üzvü İslam Mustafayevə verdi. İslam müəllim təqdimatında Dünya iqlim dəyişmələri problemlərinin ümumi icmalının əsas istiqamətləri və problemlər haqqında geniş məruzə etdi.
Daha sonra konfransın birinci panelində “Paris Sazişi üzrə öhdəliklərin mahiyyəti, yerinə yetirilməsinin indiki vəziyyəti və çağırışlar” mövzusunda tanınmış ekspert, 2001-2018-ci illərdə BMT Çərçivə Konvensiyasının Azərbaycan üzrə əlaqələndiricisi olmuş İsa Əliyev,
“İqlim dəyişmələrinin şəhərlərə təsirləri, şəhərlərin iqlim dəyişmələrinə təsirləri” mövzusunda müstəqil ekspert, 2009-2023-cü illərdə BMT Inkişaf Proqramının Azərbaycanda ekoloji layhələrin rəhbəri olmuş müstəqil ekspert Çinğiz Məmmədov,
“İqlim dəyişmələrinin kənd təsərrüfatına təsirləri” mövzusunda Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmli çıxış etdilər. Sonra isə çıxışlar ətrafında geniş fikir mübadiləsi aparıldı.
Konfransın ikinci panelində “İqlim dəyişmələri fonunda su idarəçiliyi problemləri” mövzusunda Xəzər Universitetinin müəllimi, tanınmış ekspert Rövşən Abbasov,
“İqlim dəyişmələri, yaranan ekoloji problemlər, çağırışlar” mövzusunda MSŞA Koalisiyasının Şura üzvü, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov çıxış etdi.
Daha sonra müzakirələr zamanı ölkəninn tanınmış ictimai xadimlərindən Eyyub Hüseynov, Samir İsayev, Mirəli Hüseynov, İlqar Hüseynli, Nəsrulla Nurullayev, İqtisad Universitetinin müəllimi, tanınmış alim İlqar Xəlilov və başqaları çıxış edərək öz fikirlərini bildirdilər.
Konfransın sonunda iştirakçılar və ekspertlər mövzunun aktuallığını nəzərə alaraq belə müzakirələrin davamlı keçirilməsinin əhəmiyyətini xüsusi vurğuladılar.
Tədbirdə “Ödədiyini açıqla” Beynəlxalq vətəndaş hərəkatının rəhbərliyinin iki təmsilçisi -katibliyinin nümayəndəsi Emil Omarov və Qlobal Şura üzvü Fuad Həsənov da iştirak edirdi.
MSŞA Koalisiyasının mətbuat xidməti