ceyran

Azərbaycan Respublikası ərazisinin təbii şəraiti müxtəlif olduğundan onun heyvanlar aləmi də çox rəngarəngdir.

Burada mindən çox ali heyvan növü yaşayır. Azərbaycan faunasında 14 min növ həşərat, 104 növ balıq, 11 növ suda-quruda yaşayan, 63 növ sürünən, 405 növ quş, 115 növ məməli qeydə alınıb. Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxtəlifdir. Bəzi heyvanlar çox məhdud (göl, çay, dağın bir hissəsi), digərləri isə geniş ərazilərdə yayılıb. Məsələn, sərçəkimilər dəstəsinə daxil olan quşlara respublikanın bütün ərazisində rast gəlmək olar. Parazit ibtidailər, qurdlar qidalandıqları orqanizmlərin – sahiblərinin (kənd təsərrüfatı heyvanları, ev quşları və s.) arealından asılı olaraq respublikanın bütün zonalarında qeyd edilir. Məməlilərdən ceyran düzənlik, yarımsəhra, kiçik təpəlikli dağətəyi ərazilərdə, Dağıstan turu Böyük Qafqaz dağlarının cənub və şimali-şərq yamaclarında (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Quba, Qusar rayonları) və yüksək dağlıq ərazilərdə məskunlaşıblar. Quşların bir çox növü meşələrdə, dağlıq və düzənlik ərazilərdə, digərləri su hövzələrində, zərərverici cücülər müxtəlif aqrosenozlarda, ölkə faunasına daxil olan başqa növlər tarixən uyğunlaşdıqları müxtəlif ekosistemlərdə yayılıb.

“Qırmızı kitab” Azərbaycan ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycana aid olan hissəsində heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları əks etdirir. Bu ilin mayında çapdan çıxan “Qırmızı kitab”ın üçüncü nəşrinə 241 fauna növü daxil edilib. Həmin rəqəm birinci nəşrdə 108, ikinci nəşrdə isə 223-ə bərabər idi. Sonuncu nəşrə 60 yeni fauna növü daxil edilib, 42 fauna növü çəhrayı siyahıya salınıb. Çəhrayı siyahı o deməkdir ki, həmin növ yenə də dövlət tərəfindən qorunur və onu ovlamaq və ya qırmaq olmaz. Lakin görülən tədbirlər nəticəsində həmin növlərin sayında artım var. Buna baxmayaraq, çəhrayı siyahıdakı növlər həmişə nəzarət altında olmalıdır, əks halda yenidən məhvolma təhlükəsi ilə üzləşə bilərlər.

“Təəssüf ki, hər yeni buraxılışında Qırmız kitab daha qalın olur” deyən Ümumdünya Vəhşi Təbiəti Müdafiə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov bildirib ki, Azərbaycan dövləti nəsli tükənmək həddinə çatmış növlərin xilası üçün müxtəlif tədbirlər görür. Bunlardan ən əsası xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasıdır. XXI əsrdə ölkəmizdəki həmin ərazilərin ümumi sahəsi 2 dəfə genişlənib.

E.Əsgərovun sözlərinə görə, “Qırmızı kitab” növlərinin bərpasına yönəlmiş əsas fəaliyyət formalarından biri də reintroduksiya proqramlarıdır. Hazırda respublikamızda iki növün reintroduksiyası uğurla aparılır və bir neçə növün də təbii areallarının bərpasına yeni başlanılıb. Azərbaycanın mərkəzi düzənlik və dağətəyi bölgələrində tarixən ceyranlar geniş yayılmışdılar. XX əsrin əvvəlində motorlu texnika çıxandan sonra ovçular onları maşınlarla qovaraq ovlamağa başladılar. Tez bir zamanda az qala nəslini kəsməyə nail oldular. 1960-cı ildə zooloqlar tərəfindən aparılan sayılma prosesi bu növün ölkəmizdə cəmi 200 baş qaldığını göstərdi. Təcili atılan addımlar sayəsində Bəndovan yasaqlığı, Şirvan qoruğu yaradıldı və növ burada bərpa olmağa başladı. Lakin Azərbaycanın bir çox ərazilərində ceyranın tarixi arealı çərçivəsində bu növə hələ də rast gəlinmir. Məsələn, Ceyrançöl kimi böyük ərazidə ceyranın adı qalıb, özü isə yoxdur. Ona görə növün tarixi arealını bərpa etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), WWF və IDEA İctimai Birliyi tərəfindən uğurlu reintroduksiya layihəsi aparılır. Bu vaxtacan 350 başa yaxın ceyran Şirvan Milli Parkından tutularaq respublikanın digər ərazilərinə köçürülüb. Yeni ərazilərdə ceyranlar artaraq dayanıqlı populyasiyalar əmələ gətirib.

ETSN, WWF və IDEA İB tərəfindən həyata keçirilən digər uğurlu layihə meşə kəllərinin (zubrların) reintroduksiya yolu ilə bərpasıdır. Həmin heyvanlar ərazimizdə çox qədim zamanlarda yaşayıblar. Sonuncu Qafqaz zubru təbiətdə 1927-ci ildə ovlanıb. 2018-ci ildən başlayaraq ölkəmizə 35 başa qədər zubr gətirilib. Onların təbii artımını da nəzərə alsaq artıq 50 baş heyvan layihə ərazisində yaşamaqdadır. Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində volyer şəraitində yaşayan zubrların yarısı vəhşi təbiətə buraxılıb.

Daha sonra Qafqaz nəcib maralı, köpgər, bezoar keçisi, Şərqi Qafqaz turu və s. növlərin də reintroduksiya yolu ilə tarixi arealının bərpası sahəsində işlərə başlanılıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gülbəniz Qasımova bildirib ki, daim mühafizəyə ehtiyacı olan heyvanlardan biri də amfibilərdir. Həmin heyvanlar elmi və tədris, tibbi və bioloji təcrübələrin aparılmasında laboratoriya heyvanı kimi geniş istifadə olunur. Hər il dünyada təcrübə məqsədilə iri tədris və elmi laboratoriyalarda minlərlə qurbağa yarılır. Həmin heyvanlar biosenozda maddələr dövranında iştirak edir və qida zəncirində mühüm yer tuturlar. Onlar, həmçinin meşə, bağ və bostanların təbii sanitarları hesab edilirlər. Bütün bu faydalarına baxmayaraq, insanlarda amfibilərə qarşı formalaşmış mənfi münasibət var. İnsanlar amfibiləri ziyanlı və zərərli hesab edərək onlardan qorxur və ya görkəmlərindən çəkinirlər. Ona görə də əksər insanların amfibilərlə qarşılaşdıqları zaman ilk düşündükləri və etdikləri hərəkət onları məhv etmək olur. Bütün bunlara səbəb insanlarda amfibilər haqqında məlumatların azlığıdır. Ona görə də amfibilərin tədqiqi ilə yanaşı, qarşıya qoyulan məqsədlərimizdən biri də insanları qurbağalar haqqında məlumatlandırmaq və maarifləndirmə tədbirləri həyata keçirməkdir. Keçirilən belə maarifləndirmə tədbirlərindən sonra amfibilərə qarşı münasibətdə müsbətə doğru dəyişikliklər müşahidə edilir.

Unutmayaq ki, Uca Yaradan Yer kürəsini təkcə insanın yaşaması üçün xəlq etməyib. Planetimizin tək canlısı insanlar deyil. Fauna və flora növləri də ən ali varlıq olan insan kimi yaşamaq haqqına malikdirlər. Yaşadığımız planet yalnız bütün komponentləri, bütün canlı və cansız varlıqları ilə bütövdür.

Əvvəlki məqaləBu il ölkəmizdə 25 hektar meşə ərazisi yanğından zərər görüb
Növbəti məqalədəBu gün Ümumdünya Heyvanlar Günüdür