Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən may ayının 15-dən iyun ayının 15-dək ölkə ərazisində “Təmiz hava” aylığı tədbiri həyata keçiriləcək.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətlərindən məlumat verilib.
Bildirilib ki, tədbirin keçirilməsində məqsəd nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirkləndirilməsinin hazırkı vəziyyətinin öyrənilməsi, eyni zamanda, ətraf mühitə müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr buraxan nəqliyyat vasitələrinin aşkarlanması və istismarının məhdudlaşdırılması, atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin təmin edilməsidir.
“Bir daha sürücülərdən, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edirik”, – deyə məlumatda bildirilib.