Sabirabad rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində rayon ərazisində 10 min ədəd ağac əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada Sabirabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi və aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilatların kollektivi, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Zəfər Günü münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində respublika əhəmiyyətli Hacıqabul-Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolunun rayonun Bulaqlı kəndi ərazisindən keçən hissəsinin yol kənarında, Sabirabad şəhərinin park və xiyabanlarında, şəhidlərin xatirəsinə ucaldılan kompleks və bulaqların ətrafında 10000 ədəd ölkəmizin iqlim şəraitinə uyğun dekorativ və meyvə ağacları əkilib və ağaclara aqrotexniki qulluq göstərilib.
Əkilən ağacların 3000 ədədi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən, 7000 ədədi isə rayonun daxili hesabına alınıb ki, onlardan da 1000 ədədini meyvə ağacları təşkil edib.