Azərbaycan bərpaolunan enerji mənbələrinin potensialının artırılması üçün bir sıra araşdırmalar aparıb. Bu, Azərbaycanın enerji keçidinə sadiq olduğunu sübut edir.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov “Orta Dəhliz: Avropa və Asiya arasında əlaqələrin yenidən qurulması” mövzusunda panel müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, Azərbaycanın bu addımı, ilk növbədə iqtisadiyyatın neft və qazdan bərpaolunan enerji mənbələrinə doğru şaxələndirilməsinə keçidi deməkdir.
Azərbaycanın həyata keçirdiyi layihələr barədə məlumat verən S.Şərifov nəzərdə tutulan layihələri, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini qeyd edib.
Nazir bildirib ki, Azərbaycan 2030-cu ilə qədər bərpaolunan mənbələrdən 5 QVt-a qədər enerji istehsal etməyi hədəfləyib: “Bunun həm dövlət investisiyaları, həm də özəl kapital hesabına həyata keçirilməsi nəzərdə tutulub”.