“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli

Qlobal miqyasda iqlim dəyişiklikləri öz mənfi fəsadlarını göstərir. Yağıntıların miqdarı azalıb, su hövzələri quruyur, şirin su mənbələri olan buzlaqlar əriyir, meşə yanğınları genişlənir, sürüşmə sahələri aktivləşir. Ətraf mühiti korlayan, atmosferi çirkləndirən əsas amillərdən biri istixana qazlarının emissiyasının artmasıdır. XX əsrin ortalarında baş vermiş sənaye inqilabı, elmi texniki tərəqqi bəşəriyyətin uğuru idi. Ancaq buna paralel olaraq təbiət də zərər çəkdi. Dünya əhalisinin artması onun ərzaqla təmin edilməsi məsələsini də ortaya çıxardı. Artan istehlaka paralel olaraq kənd təsərrüfatı sahələri və sənaye şəbəkəsi genişləndi. Bu isə yaşıllıqların, meşələrin məhvi hesabına baş verdi. Daxiliyanma mühərriki ilə işləyən nəqliyyat vasitələrinin sayı artdı. Bu cür antropogen təsirlər qlobal iqlim dəyişikliklərini sürətləndirir. Hava, torpaq, su kimi ətraf mühit komponentləri sənaye və istehsal mərkəzləri tərəfindən atılan tullantılarla çirkləndirilib. Davamlı təsirlər üzündən planetin atmosfer təbəqəsi özünü zəhərli tullantılardan təmizləmə qabiliyyətini itirməkdədir.

Bunu “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli AZƏRTAC-a verdiyi müsahibədə deyib.

İctimai təşkilat sədri istiləşmənin ən əsas hərəkətverici qüvvəsinin 90 faizindən çoxu karbon qazı və metandan ibarət olan istixana qazlarının emissiyası olduğunu qeyd edib: “Antropogen amillər sırasında azot oksidi, azot-1 oksid və xlor-flor birləşmələri də yer alır. Həmin emissiyaların əsas mənbəyi enerji istehlakı üçün kömür, neft və qazın yandırılmasıdır. Lakin bu prosesdə yaşıllıqların məhv edilməsinin və sənaye müəssisələrinin də rolu var. Kosmik tədqiqatlar da iqlim dəyişikliyinə səbəb olan faktorlardandır. Fəzaya göndərilən kosmik gəmilər ozon qatını zədələyir və atmosferdə istixana effekti yaradır. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər qrupunun hesabatında bildirilir ki, son əsrdə ildə planetimizdə orta temperatur 0,8 dərəcə artıb. BMT-nin hesabatında isə bildirilir ki, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib. Ekspertlərin ehtimallarına görə, əgər Yer kürəsində temperatur bu sürətlə yüksəlməyə davam etsə, 2050-ci ilə qədər 2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər.

Son illər ölkəmizdə də orta illik temperatur 0,4-1,30 dərəcəyədək artıb. Qlobal iqlim dəyişikliyinin fəsadları elə həddə çatıb ki, artıq beynəlxalq təşkilatlar həyəcanlı bəyanatlar səsləndirirlər. Qlobal istiləşmənin qarşısını almaq mümkün olmasa da, ən azı antropogen təsirləri azaltmaq mümkündür. Ölkəmiz kürəsəl iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması ilə bağlı beynəlxalq səyləri dəstəkləyir. Yaşıl enerjiyə keçidlə bağlı əhəmiyyətli layihələr həyata keçirilir. Azərbaycan 2050-ci ilə qədər istixana qazlarının emissiyasının minimuma endirilməsi ilə bağlı öhdəliklər götürüb”.

Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Noyabrda Bakıda dünyanın müxtəlif ölkələrindən ekoloq, alim və mütəxəssislərin iştirakı ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək. Qarşıda böyük vəzifələr durur. Müsahibimiz bununla əlaqədar deyib: “Yerli icra qurumları, özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti, media qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılması ilə bağlı təşəbbüslərə qoşulmalıdır. Cəmiyyətdə geniş maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac var. Ölkəmiz ərazi bütövlüyünü tam bərpa edib. Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında böyük tikinti-quruculuq işlərinə başlanılıb. Bakının nəqliyyat infrastrukturunun yenidən qurulması planlaşdırılır. Yaxşı olar ki, şəhərsalma qaydalarında əvvəllər yol verilən səhvlər təkrarlanmasın. Ləğv edilmiş tramvay, trolleybus nəqliyyatı bərpa edilməli, Bakı və Abşeronu birləşdirən kəndlərə dəmiryol xətləri çəkilməlidir. Bölgələrə sərnişinlərin sürət qatarları ilə daşınması daha faydalıdır. Yeni salınan şəhərlərə nəqliyyat infrastrukturu yaşıl texnologiyalara əsaslansa yaxşı olar. Şəhər nəqliyyatında, taksi xidmətində əsasən elektromobillərdən istifadə olunmalıdır. Avropanın böyük şəhərlərində velosiped, skuter nəqliyyatı geniş yayılıb. Bakıda və ölkənin başqa iri şəhərlərində həmin nəqliyyat vasitələrinin istifadəsi stimullaşdırılmalıdır”.

Əvvəlki məqaləSabah Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağıntı gözlənilir
Növbəti məqalədəQədir Xəlilov: Ekoloji təhlükəsizliyə önəm verilməsi məsələləri ilə bağlı gənclərlə mütəmadi işlər aparılır