Noyabrın 11-də Azərbaycanda növbəti dəfə qardaş Türkiyənin başlatdığı ağacəkmə aksiyası təşkil olunub, ölkə ərazisində 11 min 111 ədəd ağac əkilib.

AZƏRTAC xəbər verir ki, belə aksiyalardan biri Bakının Müşfiqabad qəsəbəsində təşkil olunub. Həmin ağacəkmə tədbirində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi, Türkiyə, Qazaxıstan, Macarıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın ölkəmizdəki səfirliklərinin rəhbər şəxsləri, Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndələri, həmçinin qonaq qismində Tacikistanın Azərbaycandakı səfirliyinin əməkdaşları, tərəfdaş təşkilatlar və könüllülər iştirak ediblər.

Aksiyada iştirak edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycanın qardaş Türkiyədə keçirilən aksiyaya üçüncü ildir ki, qoşulduğunu və bu günün respublikada geniş miqyasda qeyd edildiyini bildirib. Nazir ölkəmizdə önəmli günlərdə də müxtəlif qurumlarla birlikdə ağacəkmə aksiyalarının keçirildiyini, vacib əhəmiyyətli təqvimlərdə ətraf mühitin sağlamlaşdırılmasına yönələn təşəbbüslərin icra edildiyini diqqətə çatdırıb. Türkdilli ölkələrin nümayəndələri ilə birlikdə keçirilən aksiyadan məmnunluğunu ifadə edən M.Babayev qarşıdakı illərdə bu aksiyanın daha da geniş miqyasda keçirilməsi arzusunda olduğunu vurğulayıb.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 2019-cu ildə Türkiyədə başladılan Milli Ağaclandırma Gününə Azərbaycanın Qarabağ Zəfərindən iki gün sonra qoşulduğunu vurğulayıb.

O fikirlərinə belə davam edib: “Ağac əkmək, yaşıllıq salmaq dünyanın qlobal problemi olaraq iqlim dəyişmələri ilə mübarizədə faydalıdır. Bu gün Türk dövlətləri olaraq belə nəcib təşəbbüslə planetimizə, onun sakinlərinə fayda verməkdən məmnunuq”.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov ağacəkmə aksiyasını Türk dövlətlərinin mənəviyyatının göstəricisi adlandırıb: ” Bəzi dövlətlər var ki, ağacları məhv edir, bəziləri minalar basdırır, ətraf mühiti zəhərləyir. Lakin Türk dövlətləri isə təbiətə, insanlığa sevgi və qayğı ilə yanaşır, gələcək nəsilləri düşünərək addımlar atır. Odur ki, bugünkü aksiyanı Türk dövlətlərinin bəşəriyyətə verdiyi töhfə kimi qiymətləndirmək lazımdır. Onu da qeyd etmək lazımdır ki, əslində aksiyanın keçirildiyi ərazilər vaxtilə boz torpaqlar idi. Bir neçə il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi müxtəlif təşkilatlar və qurumlarla birlikdə əraziyə sanki yeni həyat bəxş edib. Vaxt gələcək əkilən ağaclar böyüyəcək, burada geniş yaşıllıqlar göz oxşayacaq. Bu gün hər birimiz üçün kiçik görünən bu addım dünyamız üçün vacib olan su çatışmazlığı, iqlim dəyişmələri və çirklənmələrlə mübarizədə böyük bir töhfədir”.

Qeyd edək ki, Müşfiqabadda keçirilən aksiya zamanı 1111 ağac əkilib.

“Türk dövlətləri Milli Ağaclandırma Günü”ndə iştirak edən könüllü Firəngiz Hüseynova bununla həm ölkəmizin yaşıllaşdırılmasına töhfə vermək, həm də öz yaşıdlarını ətraf mühitə faydalı olan fəaliyyətlərdə aktiv iştiraka səslədiklərini deyib: “Mənim kimi digər ekokönüllülər də belə aksiyalarda qürur və fərəh hissi ilə iştirak edir. Çünki önəmli tarixlərin əbədiləşdirilməsində bir gənc kimi bizim də payımız var. Həmçinin gələcək nəsillərə, öz həmyaşıdlarımıza nümunəvi davranış sərgiləyir, onları da ölkəmizin ətraf mühitinin qorunmasına, cəmiyyətimizin inkişafına dəstək olmağa çağırırıq. Bu gün burada əsasən zeytun, şam ağacı kimi çoxillik ağaclar əkdik. İstəyirik ki, biz də özümüzdən sonrakı nəsillərə bir nümunə olaq, onların cəmiyyətə xeyirli bir vətəndaş kimi yetişməsində cığır açaq”.

İrimiqyaslı ağacəkmə aksiyalarının keçirilməsi və yeni yaşıllıq sahələrinin salınması dünya dövlətlərinin, o cümlədən Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün qoşulduğu təşəbbüslərə dəstək və töhfədir.

Xatırladaq ki, bu ildən 11 noyabr tarixi “Türk dövlətləri Milli Ağaclandırma Günü” kimi qeyd olunur və Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrdə kütləvi ağacəkmə aksiyaları keçirilir.

Əvvəlki məqaləBakıda və Abşeron yarımadasında küləyin güclənəcəyi gözlənilir
Növbəti məqalədəDağlıq rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq