El Nino

2023-2024-cü illərin El Nino hadisəsi özünün pik həddinə çatıb və qeyd edilən ən güclü beş iqlim təzahüründən biridir. İndi o, tədricən zəifləyir, lakin insan fəaliyyəti nəticəsində yaranan istixana qazlarının tutduğu istiliyi artıraraq, qarşıdakı aylarda qlobal iqlimə təsir etməyə davam edəcək. AZƏRTAC Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) saytına istinadla xəbər verir ki, mart-may aylarında demək olar ki, planetimizin bütün quru ərazilərində temperaturun normadan artıq olacağı proqnozlaşdırılır.

Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yeni məlumat-hesabatında deyilir ki, El Ninonun mart-may aylarında davam etməsi ehtimalı təxminən 60 faiz, neytral şəraitin (nə El Nino, nə də La Nina) aprel-iyun aylarında baş verməsi ehtimalı 80 faizdir. La Nina hadisəsinin ilin sonunda inkişaf etmək potensialı var, lakin bu ehtimal hazırda qeyri-müəyyən olaraq qalır.

El Nino orta hesabla hər iki-yeddi ildən bir baş verir və adətən doqquz-on iki ay davam edir. Bu, Sakit Okeanın mərkəzi və şərq tropiklərində okean səthlərinin istiləşməsi ilə əlaqəli təbii iqlim rejimidir. El Nino dünyanın müxtəlif yerlərində havaya və fırtına hadisələrinə təsir göstərir. Amma indi bu, insan fəaliyyətinin təsiri altında iqlim dəyişikliyi şəraitində baş verir.

ÜMT-nin Baş katibi Selesta Saulo deyir: “2023-cü ilin iyun ayından etibarən hər ay yeni aylıq temperatur rekordu təzələnib və 2023-cü il rekordlar tarixində ən isti il oldu. El Nino bu rekord temperaturlara töhfə verdi, lakin əsas günahkarlar, şübhəsiz ki, istixana qazları idi”.

“Sakit okeanın ekvatorial hissəsində səth sularının temperaturu El Ninonun təsirini aydın şəkildə əks etdirir. Bununla belə, son 10 ay ərzində dəniz səthinin temperaturu dünyanın digər hissələrində davamlı və qeyri-adi dərəcədə yüksək olaraq qalıb. 2024-cü ilin yanvarında dəniz səthinin temperaturu həmin ay üçün rekord həddə çatıb. Bu, narahatlıq doğurur və hazırkı vəziyyəti təkcə El Nino ilə izah etmək olmaz”, -deyə Baş katib vurğulayıb.

Bir qayda olaraq, El Nino qlobal iqlimə ən böyük təsirini öz inkişafının ikinci ilində – hazırkı vəziyyətdə – 2024-cü ildə göstərir.

ÜMT-nin El Nino/La Nina ilə əlaqədar qlobal mövsümi iqlim bülleteni ilə birlikdə hazırladığı proqnoza əsasən, zəif olsa da, hələ davam edən El Nino hadisəsinin və dəniz səthinin normadan yüksək temperaturunun dünya okeanlarının çox hissəsində artacağı gözlənilir. Bu amillər növbəti üç ay ərzində demək olar ki, bütün quru ərazilərində temperaturların artmasına və regional xarakterli yağışlara təsir göstərəcək.

Əvvəlki məqaləQəbələdə keçirilən ağacəkmə aksiyasında 4 mindən çox ting əkilib
Növbəti məqalədəBöyük və Kiçik Qafqazda qarölçmə işlərinə başlanılır