Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) kontinental Avropa üçün 48,8 dərəcə Selsi (Farenheyt şkalası üzrə 119,8 dərəcə) yeni temperatur rekordunu təsdiqləyib. Rekord 2021-ci il avqustun 11-də İtaliyada qeydə alınıb. Tədqiqatın nəticələri Beynəlxalq iqlimşünaslıq jurnalında dərc olunub.
AZƏRTAC ÜMT-nin saytına istinadla xəbər verir ki, atmosferin tədqiqatı üzrə beynəlxalq alimlər qrupu İtaliyanın Siciliya adasında Sirakuzıda avtomatik meteoroloji stansiyası tərəfindən qeydə alınan temperaturu təsdiqləyib. ÜMT-nin VI Regionuna (Avropa) Asiyanın (məsələn, İsrail, Türkiyə və Suriya) və Qrenlandiyanın bir hissəsi daxil olduğundan, ÜMT-nin rekord ekstremal hadisələr üzrə məlumatı həm region, həm də kontinental Avropa üçün təsnif edilir.
Kontinental Avropa üçün bundan əvvəlki rekord 48,0 dərəcə Selsi səviyyəsində (1977-ci il iyulun 10-da) Yunanıstanın Afina və Elefsis şəhərlərində müəyyən olunub. Bu göstərici rəsmi hökumət mənbələrinə əsaslanıb və ÜMT-nin Qlobal məlumatlar arxivinə onun yaradıldığı 2007-ci ildə daxil edilib. Lakin bu rekord İtaliyada qeydə alınan temperatur göstəricisindən fərqli olaraq, ÜMT-nin müstəqil yoxlanışından keçməyib.
“Qərar çıxarılması üçün ÜMT-nin ekstremal hadisələr barədə təqdim etdiyi məlumatlar müasir iqlimin vəziyyəti barədə ümumi təsəvvür yaratmağa imkan verir. Tamamilə mümkündür ki, gələcəkdə bütün Avropada daha güclü ekstremal hadisələr yaranacaq. Bu cür hadisələr müşahidə olunduqda onların ekstremal xarakterinin yoxlanması üzrə ÜMT-nin yeni qiymətləndirmə komitələri yaradılacaq”, – deyə ÜMT-nin ekstremal iqlim və meteoroloji hadisələr üzrə məruzəçisi, professor Rendall Serveni bildirib.
“Əksər hallarda belə tədqiqatlar, həmçinin bu yaxınlardakı tədqiqat mükəmməlliyi baxımından uzun çəkən prosedurlardır. Çox zəhmət və səbir tələb edən dəyərləndirmə temperaturun qlobal rekordları düzgün yerinə yetirilən ölçmələr nəticəsində qeydə alındığına mühüm əminliyi təmin edir. Bundan başqa, bu tədqiqat dünyanın ayrı-ayrı regionlarında yüksək temperatur rekordlarının müəyyən edilməsində həyəcanlı tendensiyanın qorunub saxlanmasını nümayiş etdirir”, – deyə professor Serveni əlavə edib.