Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “WindEurope” Avropa Külək Enerjisi Assosiasiyası arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“Report” Nazirliyə istinadən xəbər verir ki, imzalanma bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası çərçivəsində baş tutub.
Sənəddə külək enerjisi komponentlərinin yerli və Avropa mənbələrindən əldə edilməsi imkanlarının araşdırılması, külək enerjisi layihələrinin tətbiqi, istehsal olunan elektrik enerjisini təmin etmək üçün interkonnektorların inkişafı ilə bağlı bilik və qabaqcıl təcrübə mübadiləsinin aparılması, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə əməkdaşlıq öz əksini tapıb.
Külək enerjisi şirkətləri, Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğu, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankının da təmsil olunduğu tədbirdə dənizdə külək enerjisi ehtiyatlarının işlənilməsində əməkdaşlığa qarşılıqlı maraq ifadə olunub. Külək enerjisinin bütövlükdə Xəzər regionunun enerji keçidində həlledici rol oynayacağı qeyd edilib. Quruda və dənizdə olan külək potensialından istifadənin 2030-cu ilə qədər bərpa olunan enerji gücünün üç dəfə artırılması qlobal hədəfinə töhfə verəcəyi bildirilib. Qeyd olunub ki, quruda quraşdırılmış hər yeni külək turbini 13 milyon avro iqtisadi effekt yaradır.
Energetika naziri Pərviz Şahbazov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2030-cu ilədək “yaşıl artım”ı və bərpa olunan enerji növlərinin yaradılması, dünya bazarına nəqlini prioritetləşdirən siyasəti olkənin nəhəng kulək enerjisi potensialından müasir texnologiyalar, qabaqcıl təcrübə və beynəlxalq enerji tərəfdaslığı əsasında geniş istifadəni aktuallaşdırır. “WindEurope” ilə əməkdaşlığımız Xəzərin külək enerjisinin Avropaya ixracı ilə bağlı səylərimizi dəstəkləməklə Aİ ilə strateji tərəfdaşlığımıza da töhfə verəcək”.
“WindEurope”ın icraçı direktoru Gils Dikson bildirib: “Biz Xəzər regionunda külək enerjisinin tətbiqinin təşviqində Azərbaycan ilə əməkdaşlıqdan çox məmnunuq. Bu tərəfdaşlıq daha iri həcmlərdə bərpa olunan enerji yaratmaq və iqtisadi inkişafı dəstəkləmək üçün ortaq öhdəliyimizi vurğulayır. Biz birlikdə Azərbaycanın bərpa olunan enerji sahəsində iddialı məqsədlərini dəstəkləmək üçün külək enerjisi sahəsində Avropa təcrübəsindən istifadə edəcəyik”.