Hörmətli alimlər və tədqiqatçılar,
Məlum olduğu kimi, 17–22 may 2026-cı il tarixlərində Bakı şəhərində World Urban Forum 13 (WUF13) keçiriləcəkdir. World Urban Forum 13 BMT-nin Məskunlaşma Proqramı – UN-Habitat tərəfindən təşkil olunan və hər iki ildən bir baş tutan ən nüfuzlu qlobal şəhərsalma platformalarından biridir. Forum çərçivəsində şəhər inkişafı, dayanıqlı urbanizasiya, mənzil təminatı və inklüziv şəhər modelləri ilə bağlı aktual məsələlər müzakirə olunur.
Bu mötəbər tədbirin ölkəmizdə yüksək səviyyədə təşkili məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və bununla bağlı Tədbirlər Planı təsdiq edilmişdir. Həmin sənəddə ali təhsil müəssisələrində və elmi təşkilatlarda yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili, elmi tədqiqatların və innovativ yanaşmaların təşviqi xüsusi yer tutur.
Biz alim və tədqiqatçılar olaraq “WUF13 hədəfləri çərçivəsində inklüziv ideyalar” mövzusunda beynəlxalq elmi-praktiki konfransı təşkil edib, keçirməklə bu təşəbbüsə elmi və innovativ töhfə verməyi qarşıya məqsəd qoyuruq.
Konfrans haqqında
2026-cı ilin may ayının sonunda (29-30 mayda) “WUF13 hədəfləri çərçivəsində inklüziv ideyalar” adlı beynəlxalq elmi-praktiki, multidisiplinar konfransın keçirilməsi planlaşdırılır.
Konfransın tərəfdaşları yerli və xarici universitetlər, tədqiqat mərkəzləri, həmçinin vətəndaş cəmiyyəti institutlarıdır.
Tezis qəbulu qaydaları:
Konfransda iştirak etmək istəyən tədqiqatçılar tezislərini 30 aprel 2026-cı il tarixinədək təqdim edə bilərlər.
📌 Tezis tələbləri:
• Həcmi: 3–5 səhifə
• Şrift: Times New Roman, 14 ölçü
• Sətirarası interval: 1.5
• Dillər: Azərbaycan, türk, rus və ingilis
Konfrans materialları elektron formada və kitab şəklində nəşr olunacaq və iştirakçılara rəsmi sertifikat təqdim ediləcəkdir. Tezislərin ideya yeniliyi beynəlxalq və milli əhəmiyyətli əsas prioritetdir.
Müzakirə istiqamətləri:
Konfrans çərçivəsində aşağıdakı mövzular üzrə məruzələr qəbul edilir:
• İnklüziv şəhər inkişafı
• Yaşıl şəhərlərin qurulması
• Şəhərsalmada təhlükəsizlik və ədalətlilik prinsipləri
• Mədəni irs və müasir urbanizasiya arasında balans- şəhərin ruhunun qorunması problemi
* Post-münaqişə ərazilərində “ağıllı şəhər” modelləri və inklüziv bərpa siyasəti (Qarabağ nümunəsində)
• Şəhər infrastrukturu sahəsində investisiyaların sürətləndirilməsi
• Şəhər planlaşdırılmasında innovativ yanaşmalar
• Şəhərsalmada etik göstəricilər
• Müharibə və köçkünlüyün şəhər təhlükəsizliyinə təsirləri
• Şəhərsalma fəlsəfəsi və mədəniyyəti
• İqlim dəyişikliklərinin şəhərsalma prosesinə təsiri
• İnklüziv təhsilin şəhərsalmada rolu
• Dayanıqlı inkişaf məqsədləri və insan inkişafı
• Süni intellektin müasir şəhərsalma sistemlərində tətbiqi
• Yerli şəhər infrastrukturunun qlobal standartlara uyğunlaşdırılması
• Bələdiyyə və icmaların davamlı şəhər inkişafında rolu
• Xəzər dənizinin səviyyə dəyişikliklərinin şəhər infrastrukturuna təsiri
• Qarabağda şəhər infrastrukturunun beynəlxalq standartlara uyğun qurulması
Konfransın əsas məqsədi ölkəmizdə keçiriləcək WUF13 tədbirinin hədəflərinə elmi-innovativ dəstək vermək, beynəlxalq elmi əməkdaşlığı genişləndirmək və inklüziv şəhər inkişafı istiqamətində yeni ideyaların formalaşdırılmasına töhfə verməkdir.
📩 Tezislər aşağıdakı e-mail ünvanına göndərilməlidir:
baku.wuf13@gmail.com
📞 +994 70 757 17 49
Tədbir MERCURE Hotel Şuşa zalında keçiriləcəkdir.
(Ünvan: Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi 119, Bakı 1100)
Hörmətlə,
“WUF13 hədəfləri çərçivəsində inklüziv ideyalar” mövzusunda keçiriləcək Beynəlxalq Elmi-Praktiki Konfransın Təşkilat Komitəsi








