pulmonoloq Çağla Xurşud Hüseynova
pulmonoloq Çağla Xurşud Hüseynova

2019-2021-ci illərdə Azərbaycanda Xroniki Tənəffüs Yolları Xəstəlikləri və risk faktorlarını dəyərləndirən çoxmərkəzli epidemioloji tədqiqat aparılıb. Tədqiqat Azərbaycanda aparılan ilk çoxmərkəzli tədqiqatdır.

Bunu pulmonoloq Çağla Xurşud Hüseynova Azərbaycan Pulmonologiya Simpoziumu çərçivəsində AZƏRTAC-a müsahibəsində deyib.

Ç.X.Hüseynova bildirib ki, tədqiqatda Bakı, Naxçıvan və regionlardan 3788 nəfər iştirak edib. İştirakçıların 47,3 faizini kişi, 52,7 faizini isə qadınlar təşkil edib. Onlar arasında siqaretçəkmə nisbəti 20,4 faiz təşkil edib və kişilərdə qadınlara nisbətən əhəmiyyətli dərəcədə yüksək olub.

Tədqiqatın əsas nəticələrinə görə həkim tərəfindən diaqnoz qoyulan astma və xırıltının prevalansı qonşu ölkələrdəki prevalansa yaxındır. Həkim tərəfindən diaqnoz qoyulmuş astma, xırıltı, allergik rinit və ekzemanın yayılması müvafiq olaraq 3,0 faiz, 17,8 faiz, 37,1 faiz, 20,7 faizdir. Bakı şəhərində allergik rinit prevalansı daha yüksəkdir. Daxili mühit havanın çirklənməsinin bir qədər yüksək olduğu bildirilən kənd yerlərində xırıltı prevalansı daha çox müşahidə olunur. Naxçıvan Muxtar Respublikasının şəhərlərində atopiya daha yüksəkdir və atopiya həkim tərəfindən diaqnoz qoyulmuş astma, xırıltı və allergik rinit ilə əlaqədardır. Təmizləyici vasitə, xarici və daxili mühit havasının çirklənməsi, ətraf mühitin tütün məmulatlarının təsirinə məruz qalması, işlə bağlı toz və ya tüstüyə məruzqalma, piylənmə və atopiya, astma və allergik xəstəliklərin yayılmasını artırır. Çox güman ki, idmanla müntəzəm məşğulolma bu xəstəliklərə qarşı qoruyucu rol oynayır.

Əvvəlki məqaləArzu Babayeva: Ümumdünya Vəhşi Təbiət Günündə hər kəsi milli parkların zəngin ekosistemi ilə tanış olmağa dəvət edirik
Növbəti məqalədəAzərbaycanın bəzi rayonlarında yollar buz bağlayacaq