Dünya ciddi iqlim problemləri ilə üz-üzədir. İqtisadi artım və rifahın yüksəlməsi qlobal enerji tələbatını da mütənasib şəkildə artırır. Çünki enerji mənbələrinə və xammala artan tələbat əsasən neft, təbii qaz və kömür də daxil olmaqla ənənəvi yanacaq növləri hesabına ödənilir. Bu da Yer kürəsində ciddi ekoloji problemlərin yaranmasına səbəb olur. Vəziyyətdən çıxış yolu kimi bərpa olunan enerji resurslarına –“yaşıl enerji”yə keçid göstərilir. Son hesablamalara görə, 2030-cu ilə qədər bərpa olunan mənbələrdən ucuz elektrik enerjisi dünya elektrik enerjisinin 65 faizini təmin edə bilər. Bu, 2050-ci ilə qədər enerji sektorunu 90 faiz karbonsuzlaşdırmalı, karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmalı və iqlim dəyişikliyinin azaldılmasına kömək etməlidir.
Bu fikirləri AZƏRTAC-a siyasi şərhçi Emin Bağırov söyləyib.
O qeyd edib ki, belə bir perspektivi ölkələrarası uğurlu əməkdaşlığın və dünya ekoloji problemlərinin həllinin əsası kimi dəyərləndirən Azərbaycan “yaşıl enerji” sektorunun inkişafına yönələn siyasət həyata keçirir. Cari il noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 ölkəmizin bərpa olunan enerjinin istehsalı və tranziti sahəsində regional liderliyini möhkəmləndirməklə yanaşı, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə rolunu gücləndirəcək. Çünki rəsmi Bakının ekoloji siyasətinin ana xəttində həmişə bu prinsip özünü qabarıq göstərir – ətraf mühit sərvətimiz, sağlamlığımız və rifahımızdır. Azərbaycan beynəlxalq münasibətlərin məsuliyyətli üzvü kimi hər zaman bildirir ki, ekoloji problemlərin həll edilməsi üçün birlikdə işləmək zəruridir və COP29 belə qlobal müzakirələrin aparılması üçün güclü platformaya çevriləcək. Bu mənada 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin də qarşıdakı qlobal müzakirələrə töhfə verəcəyi şübhə doğurmur.
Azərbaycan böyük neft və təbii qaz ehtiyatlarına malik ölkədir. Bununla belə, ölkəmiz alternativ enerji resurslarının inkişafı sahəsində də mövqelərini gücləndirir. Bunun üçün Azərbaycanın böyük potensialı var. Son məlumatlara görə, Azərbaycanın ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istehsal olunan güc 1688 meqavat və ya ümumi gücün təxminən 20 faizini təşkil edir. 2030-cu ilə qədər bu rəqəmin 30 faizə qədər yüksəldilməsi planlaşdırılır. Eyni zamanda, Azərbaycan külək və Günəş enerjisi istehsalını da artırır və bu enerji resursunun 80 faizini ixrac etməyi düşünür. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən, 2030-cu ilədək Azərbaycan 5 min meqavata qədər, yəni 5 qiqavat Günəş və külək enerjisi istehsal etməyi planlaşdırır.
Avropanı “yaşıl” elektrik enerjisi ilə təmin edən əsas kanal kimi Azərbaycan Qara dənizin dibi ilə çəkiləcək 1100 km uzunluğunda sualtı kabelin yaradılması layihəsini də nəzərdən keçirir. Güman edilir ki, belə “sualtı elektrik xətti” Azərbaycan elektrik enerjisinin Gürcüstandan Rumıniyaya çatdırılmasını təmin edəcək və 3-4 il ərzində tikilə bilər. Xatırladaq ki, Qara dəniz sualtı kabelinin yaradılmasına dair Anlaşma Memorandumu 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanıb. Bu saziş sayəsində Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə dəyərli töhfə verəcək Qara dənizin dibi ilə “yaşıl” elektrik enerjisi təchizatı üçün kabel çəkilişi işləri aparılacaq. 21-ci əsrin “yaşıl enerji dəhlizi” adlandırılacaq bu marşrut üzrə 3-4 GVt yaşıl enerjinin ötürülməsi nəzərdə tutulur.
Strateji mövqeyi və təbii sərvətləri ilə hər zaman diqqət mərkəzində olan Azərbaycan bu gün Xəzər hövzəsində enerji bazası kimi qiymətləndirilir. Şaxələndirilmiş enerji siyasəti qlobal təhlükələr qarşısında Azərbaycana böyük iqtisadi və siyasi səmərə verməklə yanaşı, həm də Avropanın, eləcə də müttəfiq ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu siyasət sayəsində Xəzər hövzəsi Asiya və Avropa ölkələri üçün cəlbedici əməkdaşlıq mərkəzinə çevrilir. Xüsusilə də enerji təhlükəsizliyinin dünya gündəminin ən mühüm məsələlərindən birinə çevrildiyi dövrdə zəngin neft-qaz ehtiyatlarına və şaxələndirilmiş nəqliyyat marşrutlarına malik, etibarlı tərəfdaş kimi nüfuza malik Azərbaycanın “yaşıl enerji”nin inkişafında rolu əvəzsiz xarakter alır. Bununla yanaşı, Azərbaycanda alternativ energetika bazarının inkişaf perspektivləri müvafiq səriştəsi olan bir çox şirkətlər üçün həm külək, həm Günəş energetikası, hidroenerji və “yaşıl enerji” gündəliyinin digər sahələrində müxtəlif layihələrin həyata keçirilməsi üçün potensial imkanlar açır.
Eyni zamanda, dünya enerji bazarlarında baş verən ümumi dəyişiklik enerji təhlükəsizliyini sabitləşdirmək və təmin etmək yollarının birgə axtarışı zərurətini daha da artırır. Bu mənada Azərbaycan ətraflı fikir mübadiləsi və aktual suallara cavab tapmaq üçün imkanlar açan qlobal və unikal platformaya çevrilir. COP29 da məhz belə fürsəti təqdim edir və beynəlxalq ictimaiyyətin Azərbaycana hörmət və etimadının göstəricisi olan bu nüfuzlu tədbirdə dünya liderlərinin, hökumət rəsmilərinin, alimlərin, QHT-lərin və digər maraqlı tərəflərin iştirakı müzakirə edilən mövzuların konkret cizgilər almasına səbəb olur.
Emin Bağırov sonda qeyd edib ki, COP29-un keçirilməsi Azərbaycana təkcə siyasi deyil, həm də iqtisadi dividendlər gətirəcək. Ölkəmiz bu tədbirə ev sahibliyi etməklə beynəlxalq nüfuzunu daha da gücləndirəcək. “Yaşıl” iqtisadiyyat, “yaşıl” enerji, bu sahələrdə atdığımız addımlar dünyanın diqqət mərkəzində olacaq. Martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin keçirilən 2-ci iclaslarında iştirak edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan “yaşıl enerji”yə keçid prosesinin aktiv fazasındadır və iqlim dəyişikliyi ilə bağlı olan COP29-a ev sahibliyi etmək istəyimizin olması faktı ölkəmizin iradəsini nümayiş etdirir. Bütün dünya müşahidə edəcək ki, Azərbaycan ənənəvi neft-qaz ölkəsi olmaqla alternativ enerji sahəsində tendensiyaları müəyyən edir və onlara istiqamət verir.