Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə “Yaşıl dünya naminə qadın həmrəyliyi və innovativ gələcək” adlı tədbir keçirilib. Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, KOBİA-nın, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Qarabağ Dirçəliş Fondunun, AQSİA-nın və digər yerli və xarici qurumların nümayəndələri çıxış ediblər.

Qeyd olunub ki, istər qlobal, istərsə də ölkə miqyasında qadın sahibkarlığının fəaliyyətinin genişlənməsi müşahidə olunur. Hər bir ölkənin dayanıqlı iqtisadi inkişafı qadın sahibkarlığının inkişafı ilə birbaşa bağlıdır. Qadınlar kiçik biznesə, özünüməşğulluğa getdikcə daha çox maraq göstərirlər. Statistikaya əsasən, Azərbaycanda qeydiyyata alınmış fərdi sahibkarların təqribən 22 faizi qadınlardır, onların arasında kənd təsərrüfatı, ticarət və digər sahələrdə fəaliyyət göstərənlər üstünlük təşkil edir. 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi çərçivəsində təşkil olunacaq tədbirlərdə qadınların mövcud potensialından istifadə olunması əhəmiyyətlidir. Bu sahədə qadın sahibkarların da bir sıra təşəbbüsləri var. Ümumiyyətlə, qadınların “yaşıl iqtisadiyyat”da rolunun artırılması cəmiyyət, biznes və milli iqtisadiyyat üçün önəmlidir.

Tədbir çərçivəsində “Qadın sahibkarlığında innovativ gələcək” və “Beynəlxalq arenada qadın liderlərin təcrübəsi” adlı panel müzakirələr də təşkil edilib.

Əvvəlki məqaləİtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi elçisi: COP29 inklüzivlik və iddialı həllər üçün istiqamətdir
Növbəti məqalədəCOP29 ilə əlaqədar Təşkilat Komitəsinin ikinci iclası keçirilib