İyunun 7-də “Sərhədsiz Diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzi və Bakı Avropa Liseyi tərəfindən ölkəmizdə “Yaşıl dünya uğrunda həmrəylik ili”nə və Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinə həsr olunmuş növbəti ekoloji aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir səyyar fləş-mob yürüş formatında təşkil olunub. Fləş-mob “Yer kürəsi bizim yaşayış yerimiz – gələcəyimizdir. Hər kəs: anlamalıdır, qorumalıdır, bərpa etməlidir” devizi altında təşkil edilib.
Aksiya Bakı Avropa Liseyinin II, III, IV sinif şagirdləri ilə yanaşı, müəllimlər, ekoloqlar, psixoloqlar və könüllülər də olmaqla 100-dək iştirakçını əhatə edib. Fləş-mobda şagirdlər tərəfindən hazırlanmış yüksək poliqonal texnikasında düzəldilən, Beynəlxalq Qırmızı Kitaba (kritik təhlükə altında olan), eləcə də Qara Kitaba (tamamilə nəsli kəsilmiş) düşmüş fauna nümayəndələri nümayiş etdirilib. Sərgidə ölçüləri 20-80 santimetr arasında dəyişən heyvanların 80-dən çox 3D kağız modeli təqdim olunub.
Yürüş iştirakçıları Filarmoniya bağının aşağı girişindən “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğunda yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsi ilə Qoşa Qala qapısına qədər piyada gediblər. Burada uşaqlar minimühazirə dinləyib, doğma diyarın və dünyanın təbiətinə həsr olunmuş şeirlər oxuyublar.