Yevlaxda abadlaşdırılan həyət, yeni salınan və təmir olunan iki park istifadəyə verilib

Yevlaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlər çərçivəsində genişmiqyaslı abadlıq və quruculuq işləri davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaşların rifahına yönəlmiş bir sıra sosialyönümlü işlər görülüb. Belə ki, şəhərin Qanboy Quliyev küçəsi 3 və 4, Zərdabi küçəsi 2, Yeni Yevlax küçəsi 5, Nizami prospekti 44, 46, 48 ünvanlarda yerləşən binaları əhatə edən və 600 nəfərə yaxın sakinin yaşadığı həyət, Heydər Əliyev prospekti boyunca yeni salınan park və uzun illərdir təmirsiz olan, Türkiyə-Azərbaycan dostluğunun rəmzi kimi salınmış “Dostluq” parkı yenidənqurmadan sonra əhalinin istifadəsinə verilib.

Abadlıq-quruculuq işləri həyata keçirilən həyətdə binaların fasadları əsaslı təmir edilib, yağış suları axıdan yeni borular və navalçalar quraşdırılıb. Binaların həyətinə asfalt və tamet daşı vurulub, qazon salınıb, yeni bordürlər, tullantılar üçün kiçik zibil qutuları qoyulub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun və idman qurğuları, işıqlandırma sistemləri quraşdırılıb, avtomobillər üçün parklanma yeri yaradılıb.

Heydər Əliyev prospekti boyunca yeni yaradılan park və “Dostluq” parkında da geniş abadlıq işləri aparılıb, burada sakinlərin istirahəti üçün müvafiq şərait yaradılıb. Abadlaşdırılan ərazidə mövcud yaşıllıqların bərpası işləri aparılaraq yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq göstərilib, yeni yaşıllıq zolağı salınıb, müxtəlif növ mövsümi gül kolları əkilib, suvarma xətti çəkilib.

Yevlaxda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır. Sakinlər görülən işlərə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Əvvəlki məqaləMüşfiqabadda 1500-dən çox Eldar şamı və zeytun ağacı əkilib
Növbəti məqalədəMagistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq