Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu il noyabrın 11-dən noyabrın 24-dək Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərini davam etdirir. COP29 zamanı görüləcək işlərə dair Agentlik tərəfindən hazırlanan Tədbirlər Planında nəzərdə tutulan işlərin vaxtında və keyfiyyətlə icra olunması, habelə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülür.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ilkin mərhələdə bu ilin yanvar-mart aylarında Bakı və Sumqayıt şəhərlərində yerləşən keytrinq, otel və sanatoriyalarda qida təhlükəsizliyi vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə keçirilib, sahibkarlarla bu sahədə maarifləndirilmə işləri aparılıb. Eyni zamanda, həmin qiymətləndirmədə iştirak edəcək müfəttişlərə tədbirlə əlaqədar müxtəlif mövzularda təlimlər keçirilir.
Dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab olunan COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz xidmətlərin göstərilməsi üçün ticarət və ictimai iaşə müəssisələrində aprel ayının 22-dən etibarən monitorinqlərin növbəti mərhələsinin keçirilməsinə başlanılıb. Belə ki, 53 ticarət və 50 ictimai iaşə olmaqla, ümumilikdə 103 müəssisədə monitorinqlər həyata keçirilib. Monitorinqlər çərçivəsində 50 ticarət və 43 ictimai iaşə olmaqla, 93 müəssisədə bir sıra nöqsanlar aşkar edilib. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.
Agentlik bildirir ki, Tədbirlər Planına uyğun olaraq, bu cür nəzarət tədbirlərinin keçirilməsi mütəmadi olaraq davam etdiriləcək.
Qeyd edək ki, AQTA COP29-la bağlı beynəlxalq təcrübənin öyrənilməsi və tədbirdə qidalanmanın təşkili ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq edir.