“Səma və Eko” Sosial-iqtisadi inkişafa yardım İctimai Birliyinin sədri İradə Həsənova
“Səma və Eko” Sosial-iqtisadi inkişafa yardım İctimai Birliyinin sədri İradə Həsənova

“Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı bərpaolunan və yaşıl enerji əsasında istehsal olunan elektrik ixracı oldu. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrinin istifadəsi çox genişlənib. Bu istiqamət, Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb. 2030-cu ilədək isə elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə qədər çatdırılması hədəf kimi müəyyənləşib”.

AZƏRTAC xəbər verir ki, bunu “Səma və Eko” Sosial-iqtisadi inkişafa yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

2021-ci il mayın 18-də Ağdam ictimaiyyət nümayəndələri ilə görüşdə Prezident İlham Əliyevin bütün Qarabağ zonasının “yaşıl enerji” zonası olacağını bəyan etdiyini diqqətə çatdıran təşkilat sədri fikirlərinə belə davam edib: “Azərbaycanın bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən və 2021-ci ilin fevralında qəbul edilən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” təşkil edir. Beş milli prioritetdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioriteti qarşıya yeni hədəflər qoyur. Azərbaycanda “yaşıl enerji” ilə bağlı görülən işlər konseptual məsələlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. 2022-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.

Azərbaycanda külək və günəş enerjisindən istifadə genişlənir. Alternativ enerji mənbələrindən istifadənin daha da geniş vüsət alması üçün xarici ölkələrin müxtəlif şirkətləri ilə müqavilələr imzalanır.

2020-ci il yanvarın 9-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb. Müqavilələrə uyğun olaraq “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək, “Masdar” şirkəti ilə isə 200 MVt gücündə günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək.

2020-ci il dekabrın 30-da Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında külək elektrik stansiyası layihəsi üzrə investisiya müqavilələri bağlanıb.

2022-ci il dekabrın 15-də Energetika Nazirliyi və Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti arasında Azərbaycanda bərpaolunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalanıb. Müqavilə Azərbaycanda bərpaolunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.

2022-ci il dekabrın 15-də Energetika Nazirliyi və Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti arasında Azərbaycanda bərpaolunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalanıb. Müqavilə Azərbaycanda bərpaolunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.

Beləliklə, Azərbaycan üç əsas enerji şirkəti ilə anlaşma memorandumu və müvafiq müqavilələr imzalayıb. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcək. Bu həcmin 10 qiqavatı “Masdar” şirkəti, 12 qiqavatı “Fortescue” şirkəti tərəfindən istehsal olunacaq. “ACWA Power” şirkəti isə 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürüb. Bu, həqiqətən də çox böyük potensialdır.

Azərbaycanın Dubayda keçirilən COP28 tədbirində geniş heyət və böyük pavilyonla təmsil edildiyini deyən təşkilat sədrinin sözlərinə görə, konfrans çərçivəsində ölkəmiz üçün ən önəmli məsələlərdən birinə – Qarabağ və Zəngəzurda törədilən ekoloji terror haqqında məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına əlverişli imkan yarandığını vurğulayıb: “Pavilyonda həm azad edilmiş ərazilərə işğal dövründə vurulan zərər, həm hazırda orada aparılan quruculuq işləri barədə geniş məlumat verilir ki, bu da haqq səsimizin daha geniş kütləyə çatdırılmasına şərait yaradacaq. Ənənəvi enerji ixracatçısı olan Azərbaycanın son illərdə yaşıl enerjiyə keçidlə bağlı fəal iş apardığını nəzərə alaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, həmçinin Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi və həmin istiqamətdə atılan addımlar beynəlxalq arenada və inkişaf etmiş ölkələr ilə münasibətlərdə əlavə müsbət impuls və stimul qazandıra bilər”.

Əvvəlki məqaləBaş nazir: “Pakistan tullantıları azaltmağa dair ambisiyalarını gücləndirib”
Növbəti məqalədəFilippin sahillərində 6,4 bal gücündə daha bir zəlzələ olub