Xəzəryanı ölkələri təmsil edən Ekspert Qrupunun görüşü

Xəzər dənizinin səviyyəsinin dəyişməsinin səbəblərinin öyrənilməsi, səviyyə ssenariləri və uyğunlaşma tədbirlərinin hazırlanması üzrə Xəzəryanı ölkələri təmsil edən Ekspert Qrupunun iclası yekunlaşıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, 2-3 noyabr tarixlərində keçirilən tədbirdə Xəzəryanı ölkələrin ətraf mühit nazirlikləri, hidrometeorologiya xidmətləri və digər aidiyyəti qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və beynəlxalq ekspertlər, ümumilikdə 50-dən artıq mütəxəssis iştirak edib.

Görüşdə Xəzər dənizinin səviyyəsinə təsir edən amillər, dəniz səviyyəsinin dəyişməsinin yaratdığı problemlər və vəziyyətdən çıxış yolları ətrafında fikir mübadiləsi aparılıb.

İclas iştirakçıları Xəzər dənizinin səviyyəsinə təsir edən hidrometeoroloji və digər elementlərin, proseslərin monitorinqi, qiymətləndirilməsi, iqlim və dəniz səviyyəsi ssenarilərinin birgə işlənməsi, həmçinin bütün hövzə üçün uyğunlaşma tədbirlərinin həyata keçirilməsi sahəsində İş Planının hazırlanması barədə razılığa gəlib.

Xəzər dənizində baş verən səviyyə ssenarilərinə cavab olaraq uyğunlaşma tədbirlərinin həyata keçirilməsi, qaldırılan məsələlərin koordinasiyalı həlli üçün Ekspert Qrupunun görüşlərinin bir platformaya çevrilməsi iştirakçılar tərəfindən qəbul olunub.

Qeyd edək ki, Ekspert Qrupu Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi tövsiyələrə əsasən Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılıb.

Əvvəlki məqaləZəfər Günü ilə bağlı Bakıda ağacəkmə aksiyası keçirilib
Növbəti məqalədəAzərbaycanda ovçuluğa marağın azalmasının səbəbləri açıqlanıb