Respublikamızın şəhər və rayonlarının davamlı inkişafının təmin olunması, habelə işğaldan azad edilmiş ərazilərin bərpası, yaşıl enerjiyə keçid, gələcək inkişafın təmin olunması, zəruri infrastrukturun yaradılması, ekoloji təhlükəsiz mühitin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin əsasını təşkil edir. Ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafının milli prioritetlərindən biri də məhz “Təmiz ətraf mühitə və yaşıl inkişafa malik ölkə” olmasına çalışmaqdır.
Məlum olduğu kimi, 2023-cü il dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü il üçün COP29-a ev sahibi kimi müəyyənləşdirib və 200-ə yaxın ölkənin yekdil qərarı ilə Azərbaycan BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibi seçilib. Enerji keçidi və enerji səmərəliliyinin ölkələrin siyasi və iqtisadi gündəliyinin prioritet məsələsinə çevrildiyi bir məqamda bu, çox mühüm əhəmiyyət kəsb edir. Təbii ki, mötəbər tədbirə ev sahibliyi çox məsuliyyətli bir işdir və qarşıya bir sıra mühüm vəzifələr qoyur.
Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də təsadüfi deyildir. Bu, ölkəmizdə ESC (Avropa Həmrəylik Korpusu) prinsiplərinin – ətraf mühitin qorunması, sosial məsuliyyət və şəffaf idarəetməyə keçidin diqqətdə saxlanıldığını bir daha sübut etməklə bərabər, COP29 kimi mötəbər tədbirə məsuliyyətlə hazırlaşmağımızı göz önündə sərgiləyir.
Hazırlıq məqsədilə COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar olaraq 2024-cü il yanvarın 13-də dövlətimizin başçısının Sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb. COP29 Təşkilat Komitəsinin sədri Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, COP29-un müəyyən edilmiş sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, COP29-un baş danışıqçısı isə xarici işlər nazirinin müavini Yalçın Rəfiyevdir. Komitənin tərkibində qadınlar və vətəndaş cəmiyyətinin üzvləri geniş şəkildə təmsil olunurlar. Təşkilat Komitəsinin indiyədək 6 iclası keçirilib və bu iclaslarda COP29 Tədbirlər Planının icrası və digər aidiyyəti məsələlər müzakirə edilib.
Şübhəsiz ki, Azərbaycanın dünyanın ən böyük və mötəbər tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbəsi, uzaqgörən siyasətinin nəticəsidir. Bu, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi və Təhlükəsizlik Şurasına üzvlükdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Bu, həmçinin son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə də tutarlı cavabdır.
Azərbaycanın COP29-a ev sahibi seçilməsi barədə qərar bəzilərini nədənsə qıcıqlandırdı. Xeyli sayda vətəndaş cəmiyyəti və media təşkilatları neft ölkəsi olduğumuz halda iqlim dəyişikliyi, ekologiya ilə bağlı böyük beynəlxalq tədbirə ev sahibliyi edəcəyimiz üçün bizə qarşı təzyiq göstərməyə başladı.
Prezident İlham Əliyev cari ilin mart ayında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları çərçivəsində çıxışında bununla bağlı fikirlərini açıq ifadə etdi: “Azərbaycana COP29-a sahiblik edən ölkə olmaq şərəfi nəsib olmuşdur. Keçən ilin dekabrında qərar qəbul olunan kimi biz dərhal, yalnız bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq. Çünki bizim neftimiz var və bu, bizim ən böyük nöqsanımız hesab olunmuşdur. Baxmayaraq ki, qeyd etdiyim kimi bu, qüsur deyil, Allahdan bir hədiyyədir. Lakin bizə hücum edərək dedilər ki, necə ola bilər qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər”.
Azərbaycanın neftinin və qazının kifayət qədər olduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizin növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya biləcəyini də bildirib. Dövlətimizin başçısı iqlim dəyişikliyi ilə bağlı olan qlobal tədbirə ev sahibliyi etmək istəyimizin iradəmizi nümayiş etdirdiyini və buna görə Azərbaycana hücum və təzyiq göstərmək əvəzinə təqdir etmək lazım olduğunu vurğulayıb: “Biz heç bir yanlış iş görməmişik, lakin qərar qəbul olunan kimi bizə qarşı dərhal əlaqələndirilmiş, konsolidasiya olunmuş və çox ədalətsiz hücum edildi”.
Prezident İlham Əliyev əvvəllər də Azərbaycana qarşı çoxlu hücumların olduğunu xatırladaraq, buna adət etdiyimizi və özümüzü müdafiəyə hazır olduğumuzu da diqqətə çatdırıb. Dövlətimizin başçısı təzyiq göstərənlərə cavabında vurğulayıb ki, COP29-un Azərbaycanda təşkil edilməsi qərarı beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bu mötəbər tədbirə ev sahibliyi etmək istəyi yaşıl gündəliyimizi nümayiş etdirir.
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulması bir çox mətləbləri ortaya qoyur. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaltmaqdır.
Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını yaşıl enerji zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
Son onilliklərdə qlobal iqlim dəyişikliyi digər ekoloji problemlər arasında ön plana çıxıb və dünyanın nəhəng dövlətlərini, beynəlxalq nüfuzlu təşkilatlarını narahat etməyə başlayıb. Məlum olduğu kimi, ekoloji təmizlik, yaşıl dünya anlayışı davamlı inkişaf konsepsiyası ilə sıx bağlıdır.
Antropogen mənşəli istixana qazları – karbon qazı (CO2), metan (CH4), azot oksidi (N2O), perfluorokarbonlar (PFCs), hidrofluorokarbonlar (HFC), kükürd heksaflorid (SF6) və azot triflorid (NF3) iqlim dəyişikliyi yaradan, təbiətə ciddi zərbə vuran səbəblərdir. Maraqlıdır ki, bütün istixana qazlarından qlobal istiləşmənin əsas mənbəyi (emissiyaların 60 faizindən çoxu) karbon qazıdır. Statistikaya görə, 2018-ci ildə Azərbaycanda havaya buraxılan karbon dioksidin miqdarı 34,704 milyon ton, adambaşına düşən həcmi 3,5 ton olub. Havaya buraxılan karbon dioksidin həcminə görə dünyada orta göstəricinin (4,968 ton) illik miqdarından daha aşağı səviyyədə qərarlaşan ölkəmiz bu baxımdan Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistanla müqayisədə daha əlverişli mövqeyə malikdir.
İstilik effektinin əmələ gəlməsində səhralaşma, təbii qazların yaranması və digər amillərlə yanaşı, sənaye müəssisələrinin ətraf mühitə tullantılar buraxmağı xüsusi əhəmiyyət daşıyır. Hazırda fəaliyyət göstərən yeni sənaye müəssisələrinin tullantıların düzgün idarə olunması məqsədilə yeni texnologiyalar tətbiq etməsi artıq öz müsbət nəticəsini verməkdədir.
Paytaxt Bakının üzləşdiyi problemlərdən biri də nəqliyyat vasitələrinin həddindən artıq çox olması və tıxacların yaranmasıdır. Tıxac zamanı havaya zəhərli maddələr ifraz olunur. Alternativ yolların çəkilməsi və mövcud yolların genişləndirilməsi problemdən çıxış yolu ola bilər.
Ölkəmizdə xeyli sayda yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi də ekoloji tarazlığın qorunmasına xüsusi töhfə verir. Respublika üzrə bütün magistral yolların kənarlarında yaşıllıq zolağı salınır, mütəmadi olaraq ağacəkmə aksiyaları keçirilir. Tanınmış ədib, mütəfəkkir və musiqiçilərin ad günü və yubiley günlərində saysız-hesabsız ağacəkmə aksiyalarının təşkili zamanı ağac kolları əkilir, yaşıllaşdırmanın həcmi artırılır.
Bir sözlə, Azərbaycan, həmçinin beynəlxalq birliyin etibarlı tərəfdaşı kimi iqlim dəyişikliyinin nəticələri ilə mübarizəyə dəyərli töhfəsini verir.
Son illərdə Azərbaycan Prezidentinin tapşırığı ilə Bakı şəhərinin müxtəlif guşələrində geniş abadlıq-quruculuq işləri aparılır, yeni yaşıllıq zolaqları salınır, məhəllədaxili asfalt yolları təzələnir. Ölkədə fəaliyyət göstərən ictimai təşkilatlar da yaşayış məhəllələrinin abadlaşdırılmasında fəal iştirak edirlər. Bakı şəhərinin müxtəlif rayonlarında ayrı-ayrı məhəllələrin abadlaşdırılmasında fəal iştirak edən ictimai təşkilatlardan biri də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “IDEA” İctimai Birliyinin uğurla həyata keçirdiyi layihələrdir. Bunlardan küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması məqsədilə həyata keçirilən “Abad həyət” layihəsi xüsusilə diqqətəlayiqdir. Bundan başqa, Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə “Yaşıl gələcək”, “Xəzəri qoruyaq-2024” mövzusundakı layihələr ekoloji tarazlığın qorunmasına xidmət edir.
Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) həyata keçirdiyi “Yer saatı” adlı beynəlxalq tədbir hər il martın son şənbə günündə bizim ölkəmizdə də qeyd edilir. “Yer saatı” təbiətə qayğıkeş münasibətin, planetimizin məhdud resurslarına qayğının rəmzi olaraq bəşəriyyət tarixində ən kütləvi ictimai aksiyadır. Aksiya çərçivəsində insanlar iqlim dəyişikliyi probleminə diqqəti artırmaq üçün bir saatlığa işığı və həmin vaxt vacib olmayan digər elektrik cihazlarını söndürür. “Yer saatı” zamanı aksiyada iştirak edən böyük şəhərlərin rəmzi olan binaların da işıqları söndürülür.
2011-ci il martın 26-da Bakının rəmzi olan Qız qalasında və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda bir saat ərzində işıqlar söndürülüb və beləliklə, Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin sırasına daxil olub. Qeyd edək ki, ilk belə aksiya ilk dəfə 2007-ci ildə Sidneydə keçirilib.
COP29 qlobal problemlərin həllinə töhfə verməklə bərabər, Azərbaycana yeniliklər gətirəcək
Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında dediyi kimi, COP29-un Azərbaycanda keçirilməsi bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Ölkəmizin xeyli sayda qonağın iştirak edəcəyi bu mötəbər tədbirə ev sahibliyi etməsi Vətən müharibəsində Zəfərindən sonra yeni dövrə qədəm qoyan Azərbaycanın tarixində çox mühüm rol oynayacaq və təbii ki, özü ilə bərabər yeniliklər gətirəcək. Ölkəmizin dünyada nüfuzu daha da artacaq.
Qlobal iqlim dəyişikliyi və beynəlxalq sülhə aid məsələlərin bir-biri ilə sıx bağlı olduğunu nəzərə alsaq, COP29-un qlobal problemlərin həllinə töhfə verəcəyi şəksizdir. COP29-un alternativ enerjinin yüksəlişinə təkan verməsi bərabərində yeniliklərə yol açacaq.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. COP-un ilk toplantısı 1995-ci ildə Almaniyanın paytaxtı Berlində keçirilib.