Türkiyənin Çexiyadakı səfiri Egemen Bağış
Türkiyənin Çexiyadakı səfiri Egemen Bağış

Qlobal Bakı Forumunda ilk dəfədir iştirak edirəm. Forum gözlədiyimdən də uğurlu keçdi. Bu Forum bir-birinə əks düşüncə tərzinə malik insanların eyni məkanda müzakirələr, fikir mübadiləsi apardıqları və müəyyən məsələləri öyrəndikləri məkana çevrilib. İştirakçılar bir-birilərinin məsələlərə münasibətlərini öyrəndikdə vahid bir fikir ortaya çıxır ki, bu da dünyada sülhün bərqərar olunması üçün çox vacib amildir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Çexiyadakı səfiri, sabiq Avropa İttifaqı məsələləri naziri Egemen Bağış deyib.

Hazırda dünyada baş verən müharibələrin əsas səbəblərindən birinin informasiyanın azlığı və dözümsüzlük olduğunu vurğulayan səfir deyib: “Bizim bir-birimizi tanımağımız bəşəriyyətin gələcəyi baxımından çox önəmlidir. Bu səbəbdən də Prezident İlham Əliyevin məqsədi dünyanın fərqli fikir sahiblərini bir araya gətirmək və onların müstəqil məkanda müzakirə aparmaları ilə bəşəri sülhün bərqərar olmasına xidmət etməkdir”.

Sonuncu dəfə Bakıya 5 il əvvəl gəldiyini və bu müddət ərzində paytaxtın çox dəyişdiyini deyən E.Bağış bir türk olaraq Azərbaycan paytaxtının gözəlliyindən qürur hissi keçirdiyini bildirib.

O, bu il Bakının ev sahibliyi edəcəyi COP29-un da əhəmiyyətinə toxunaraq qeyd edib: “COP 29-un Bakıda keçirilməsi ilə bağlı qərar hər birimizi qürurlandırdı. Azərbaycanın bu tədbirə Qarabağ Zəfərindən sonra ev sahibliyi etməsi dünyaya verilən çox vacib mesajdır. Bu, bizim Qarabağ Zəfərində haqlı olduğumuzun bariz göstəricisidir. Azərbaycan ədalətin bərpa olunması üçün 30 il gözləyib. 2020-ci ildə Azərbaycan öz tarixi torpaqlarını düşmən işğalından azad edib. Azərbaycan təkcə hərbi deyil, eyni zamanda, ədalətli qələbə qazandığını nümayiş etdirdi. Dünya ictimaiyyəti də buna hörmətlə yanaşdı. Bunun nəticəsi olaraq dünyanın ən böyük beynəlxalq konfransına ev sahibliyi etmək Azərbaycana həvalə olundu.

Azərbaycanın bu mötəbər tədbirə də çox uğurla ev sahibliyi edəcəyinə əminəm. Bu, Bakı tarixinin ən böyük tədbiri olacaq. Bununla belə, hesab edirəm ki, COP tarixinin qızıl səhifələrindən biri Bakıda yazılacaq. Bu Prezident İlham Əliyev başda olmaqla, Azərbaycanın apardığı uğurlu xarici siyasətin nəticəsidir”.

Əvvəlki məqalə“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları davam edir
Növbəti məqalədə“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib