ETSN rəsmisi: Azərbaycanda iqlim dəyişmələri təsirlərinin azaldılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
Azərbaycanda iqlim dəyişmələri təsirlərinin azaldılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bunlardan biri də nəqliyyat sektorundan emissiyaların azaldılmasına yönələn elektrik və hibrid mühərrikli yeni avtomobillərin idxal və əlavə dəyər vergisindən azad olunmasıdır.

ETSN-in Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Yaşar Kərimov bildirib ki, bu istiqamətdə tədbirlərin davam etdirilməsi, beynəlxalq əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi iqlimə təsirlərin azaldılmasına imkan verəcək.

“Bu gün Qlobal Ekologiya Fondunun dəstəyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ətraf Mühit Proqramı və Qafqaz üçün Regional Ekoloji Mərkəzin Azərbaycan filialı tərəfindən “Azərbaycanda az tullantılı və tullantısız elektrik nəqliyyatına keçid” mövzusunda seminar keçirilib. Seminarda dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti institutları, akademiya və təhsil müəssisələrinin nümayəndələri, iqlim dəyişmələri və nəqliyyat sahəsi üzrə ekspertlər iştirak edib”.

Y.Kərimov qeyd edib ki, Paris Sazişi çərçivəsində nəzərdə tutulan istixana effekti yaradan qazların emissiyalarının azaldılması hədəfinə nail olmağa töhfə verəcək fəaliyyətlər Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası ilə nəzərdə tutulmuş tədbirlərlə tam uzlaşır.

“Gələcəkdə az tullantılı və tullantısız elektrik avtonəqliyyatının təşviqi istiqamətində həyata keçirilən fəaliyyət hava keyfiyyətinin yaxşılaşdırılmasına və nəqliyyat sektorunun səmərəliliyinin artırılmasına töhfə verəcək”.

Nazirlik rəsmisinin sözlərinə görə, elektrik avtomobillərinə daha sürətli keçidi ləngidən amillərdən biri də elektrik şarj məntəqələrinin məhdud sayda olmasıdır. Belə məntəqələrin regionlarda quraşdırılması prosesinə özəl sektorun da qoşulmasını təşviq etmək vacibdir. “Yaşıl nəqliyyat”a geniş keçidin stimullaşdırılması üçün yeni vasitələrdən istifadə edilməlidir.
Əvvəlki məqaləDumanla bağlı magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
Növbəti məqalədəBakıda Türk Dünyası II Meteorologiya Forumu keçiriləcək