“Biz COP29-un ev sahibi kimi inkişaf etmiş və inkişaf etməkdə olan dünya arasında bir körpü olaraq gücümüzdən istifadə edərək, iqlim istiləşməni 1,5 dərəcə səviyyəsində saxlamaq üçün səyləri sürətləndirməyə sadiqik. Bunun açarı iqlim probleminin miqyasını və aktuallığını əks etdirən yeni iqlim maliyyəsinin yaradılması olacaq”.
AZƏRTAC COP29-un rəsmi “X” hesabına istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Hökumət Sammitində çıxışı zamanı bildirib. O, yeni yaradılacaq iqlim maliyyəsinin ən çox ehtiyacı olan ölkələrə çatdırılmasının vacibliyini də vurğulayıb. COP29 prezidenti, həmçinin COP prezidentlərinin “üçlüyü”nün birgə fəaliyyətə başlamasını şərh edərək, Azərbaycanın sədrliyinin “missiya 1.5°C”in qorunması üçün səylərin artırılmasına sadiqliyini vurğulayıb.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitində iştirak edən hazırkı və gələcək COP prezidentləri arasında əməkdaşlığı və davamlılığı möhkəmləndirmək üçün Azərbaycan, BƏƏ və Braziliya arasında tərəfdaşlığa başlanılıb.