Bakıda böyük ekoloji tədbir – COP29-un keçirilməsi, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması bu il ətraf mühitin problemlərinə həssaslığı artırıb. Ölkədə ətraf mühit problemləri, onların həlli istiqamətində görülə biləcək işlər, həmçinin məktəblilərdə ətraf mühiti qorumaq istiqamətində vacib vərdişlərin formalaşdırılması Elm və Təhsil Nazirliyində keçirilən görüşün müzakirə mövzusu olub.
“Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyasının kordinatoru Samir Həsənov və idarə heyətinin üzvü Taleh Əliyev ilə görüşə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova, Coğrafiya İnstitutunun şöbə müdirləri Rza Mahmudov və Səid Səfərov da qatılıblar.
QHT Koalisiyası görüşdə birgə reallaşdırılması irəli sürülən təkliflərin həyata keçirilməsi yolları müzakirə olunub, ən optimal variantlar üzərində fikir mübadiləsi aparılıb.
Koalisiyanın idarə heyətinin üzvü Taleh Əliyev şagirdlərin və tələbələrin bu prosesə qoşulmalarının prosesin effektivliyini artıracağını, daha nəticəyönümlü olacağını vurğulayıb.
Əməkdaşlıq formalarını müzakirə edərək inkişaf etdiriləcəyinə inamını ifadə edib.
Ayla Həsənova-Məmmədova vurğulayıb ki, ETN vətəndaş cəmiyyəti ilə münasibətlərə həssas yanaşır. Xüsusən ətraf mühitin problemlərinə qarşı mübarizədə vacib vərdişlərin formalaşdırılması istiqamətində əməkdaşlıqda öz üzərinə düşəni həyata keçirməyə hazırdır.