iqlim dəyişiklikləri

İqlim dəyişikliklərinə uyğunlaşmaqda irəliləyiş bütün istiqamətlərdə ləngiyir. O, əksinə sürətlənməlidir. Yoxsa bəşəriyyət qlobal istiləşmə və onun fəsadlarının öhdəsindən gələ bilməyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) yeni hesabatında deyilir.

Dubayda keçirilən iqlim üzrə COP28 sammiti ərəfəsində dərc olunan hesabatda vurğulanır ki, inkişaf etməkdə olan ölkələrin uyğunlaşmanın maliyyələşdirilməsində tələbatları bu cür maliyyələşdirilmənin beynəlxalq axınlarını 10-18 dəfə üstələyir. Bu, əvvəlki dəyərləndirmədən 50 faiz yüksəkdir.

Uyğunlaşmanın maliyyələşdirilməsində artan tələbatlar və onun axınının azaldılması nəticəsində defisit ildə 194-366 milyard dollar dəyərləndirilir. Eyni zamanda, uyğunlaşmanın planlaşdırılması və həyata keçirilməsi ləngidilir. Bu isə xüsusilə əhalinin daha həssas təbəqələri üçün ciddi fəsadlara gətirib çıxara bilər.

“2023-cü ildə iqlim dəyişiklikləri daha dağıdıcı və məhvedici olub: temperatur rekordları qeydə alınıb, fırtınalar, daşqınlar, isti hava axını və meşə yanğınları irimiqyaslı dağıntılara səbəb olub”, – deyə UNEP-in icraçı direktoru İnqer Andersen qeyd edib.

“Qlobal istiləşmənin artan fəsadları bizə ondan xəbər verir ki, dünya istixana qazları tullantılarını təcili olaraq azaltmalı və əhalinin həssas qruplarının müdafiəsi üçün uyğunlaşma üzrə səyləri fəallaşdırmalıdır. Lakin bunların heç biri baş vermir”, – deyə o əlavə edib.

İ.Andersen qeyd edib ki, hətta bu gün beynəlxalq ictimaiyyət bütün istixana qazları tullantılarını dayandırsa belə iqlim dəyişmələrinin yayılmasına onilliklər tələb olunur: “Mən bu səbəbdən siyasətçilərin diqqətini uyğunlaşmada yaranan fasilələr haqqında hesabata, maliyyələşdirilməni artırmağa çəkirəm. Onlar COP28 sammitini elə məqama çevirsinlər ki, dünya aşağı gəlirə malik ölkələri və əhalinin həssas qruplarını iqlimin dağıdıcı təsirindən qorumaq kimi vəzifəni bütövlükdə öz üzərinə götürsün”.

Hesabatda deyilir ki, yaxın 20-30 ildə inkişaf etməkdə olan ölkələrdə uyğunlaşma üçün daha çox – ildə 215 milyard dollardan 387 milyard dollaradək vəsait tələb olunacaq. Buna baxmayaraq, inkişaf etməkdə olan ölkələrdə uyğunlaşma üçün maliyyələşdirilmə axını 2021-ci ildə 15 faiz – 21 milyard dollaradək azalıb.

Bu hesabatda maliyyələşdirmənin artırılmasının yeddi üsulu, o cümlədən daxili xərclər hesabına, eləcə də beynəlxalq maliyyələşdirilmə və özəl sektorun maliyyələşdirilməsi hesabına müəyyən edilib.

Əvvəlki məqaləİsti hava hər il 7 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur
Növbəti məqalədəZəfər Günü ilə bağlı Bakıda ağacəkmə aksiyası keçirilib